İlqar Hüseynli: “Azərbaycanda da Vətən yolunda şəhid olan şəxslərin ailələrinə qayğı göstərilir, onların maddi durumunun yaxşılaşdırılması ilə bağlı mütəmadi olaraq yeni layihələr həyata keçirilir”
Məlum olduğu kimi, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsinə başlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov media nümayəndələrinə açıqlamasında bildirib. O qeyd edib ki, 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinin bank hesabına artıq ödəmə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların hər birinin vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
114 şəhidin vərəsəsinə ödəniş edilməsi tək şəhid ailələri tərəfindən deyil, hər kəs tərəfindən müsbət qiymətləndirilir.
Nəzərə almaq lazımdır ki, şəhid ailələrinə daim dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilib. Prezident tərəfindən imzalanan son fərmanla şəhid ailələrinin maddi durumu yaxşılaşacaq.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müharibədən əziyyət çəkən ölkələr şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Eynilə Azərbaycanda da Vətən yolunda şəhid olan şəxslərin ailələrinə qayğı göstərilir. Onların maddi durumunun yaxşılaşdırılması ilə bağlı mütəmadi olaraq yeni layihələr həyata keçirilir: “Şəhid övladlarının təhsil təminatı, sosial qayğıları dövlət tərəfindən qarşılanır.
Qarabağ müharibəsi əlillərinin, eyni zamanda, şəhid ailələrinin daşınmaz əmlakla təmin olunması ilə bağlı layihələr həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələrinə müəyyən məbləğdə pul vəsaitinin verilməsi müsbət haldır. Artıq bu layihə icra olunur. Bu, həmin ailələrin sosial durumunun yaxşılaşmasına səbəb olacaq”.
Həmsöhbətimiz hesab edir ki, müharibə iştirakçılarının ailələrinin diqqətdən kənarda qalmaması, onlara maliyyə yardımının verilməsi müsbət haldır: “Şəhid ailələrinə birdəfəlik müavinətlərlə yanaşı, mütəmadi olaraq onlara istənilən sahədə dəstək göstərilməsi davam olunmalıdır”.
Günel CƏLİLOVA