Fatimə Hacıbəyli: “Onların 11 min manat birdəfəlik ödəmə ilə təmin olunması bu insanların sosial rifah halını yüksəldəcək”
Noyabrın 13-dən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsinə başlanıb. Artıq 114 şəhid hərbi qullqçunun 146 vərəsəsinin bank hesabına ödəmə olunub. Bu barədə mətbuata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların hər birinin vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyevin fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişlərin verilməsi müsbət haldır. O qeyd etdi ki, bu, həmin insanların sosial vəziyyətinin düzəlməsinə kömək etməklə yanaşı, həm də dövlətin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğının nümunəsidir. “Noyabrın 13-dən bu ödənişlərin banklar vasitəsilə həyata keçirilməsi bu kateqoriyadan olan insanların özünə müsbət təsir göstərir. Onların 11 min manat birdəfəlik ödəmə ilə təmin olunması bu insanların sosial rifah halını yüksəldəcək. Şəhid hərbi qulluqçuların ailə üzvlərinə ödənilən vəsaitə təkcə bir maddi dayaq kimi yanaşmaq olmaz, çünki bunun xüsusi mənəvi dəyəri də var. Bir neçə ay əvvəl Prezident İlham Əliyevin bu barədə imzaladığı fərman həm böyük sosial-ictimai, həm mənəvi, həm də bir vətənpərvərlik hadisəsidir. Bu ödəməni o şəxslər ala bilir ki, onlar öz əzizlərini torpaq, Vətən yolunda itiriblər. Dövlət isə bu kateqoriyadan olan şəxslərə böyük diqqət və qayğı ilə yanaşır. Bu vəsaitin ödənilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində böyük rol oyanayacaq” - deyə F.Hacıbəyli qeyd etdi.
O bildirdi ki, bu dəfə 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsi bu vəsaiti alıbsa, sonrakı mərhələlərdə digər bu kateqoriyadan olan insanlar bu məbləği ala biləcəklər. Bütövlükdə, bu ödəmənin həyata keçirilməsində şəffaflığın birmənalı olaraq təmin edildiyini deyən F.Hacıbəylinin sözlərinə görə, bu vəsaiti alan şəxslər dövlətin bu addımını olduqca müsbət qarşılayırlar.
İradə SARIYEVA