Ərşad Hüseynov: “İctimai nəqliyyat sektorunda yaşanan problemi aradan qaldırmaq üçün bu sahəyə investisiya yatırılmalıdır”
“Bu gün Bakının şəhərdaxili marşrutlarında sürücü və avtobus çatışmazlığı var”. Bunu media nümayəndələrinə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O qeyd edib ki, Bakıda təqribən 2100 avtobus fəaliyyət göstərir, sürücü sayı isə buna adekvat deyil: "Sürücü saat 06:00-da işə başlamaq üçün saat 05 radələrində qaraja gəlməlidir. Qarajda onun tibbi yoxlanışı həyata keçirilməlidir. Mən “BakuBus” MMC-də həyata keçirilən müvafiq prosesdən danışıram. Bundan sonra sürücü avtobusu mexanikdən təhvil almalı və müvafiq sənədləri yoxlandıqdan sonra xəttə çıxmalıdır. Bir sürücü isə 8 saatdan artıq çalışa bilməz. Biz bu əmsalla hesablasaq, xətlərdə olan avtobusları idarə etmək üçün 5 min sürücü lazımdır. Daşıyıcılarda olan mövcud sürücü sayı isə buna adekvat deyil. Sürücü Təlim Mərkəzində yenidənqurma işləri bitdikdən sonra, gələn ildən etibarən sürücüləri praktiki təlimlərə cəlb edəcəyik. Bakıda bəzi marşrut xətlərində avtobus qıtlığı da var. Mövcud marşrutlara nisbətdə avtobusların sayı yetərsizdir. Daşıyıcının maddi marağı var, o da istəyir ki, daha çox avtobusla daha çox gəlir götürsün. Amma zəruri sayda avtobusa malik deyil. Bəzi marşrut xətləri 24-ə yaxın avtobus tələb edir, amma faktiki olaraq 20 avtobusu var. Bəzən vətəndaşlardan müraciətlər daxil olur ki, bu avtobusları xətdən çıxardın, “BakuBus”a verin. “BakuBus”un avtobusları nəzərdə tutulmuş xətlər üçün ayrılıb".
Şəhərdaxili marşrutlarda sürücü və avtobus çatışmazlığı fikri ilə ekspertlər də razılaşırlar.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün həm sürücü çatışmazlığı, həm də daşıyıcı sayının az olması problemi yaşanır: “Sürücü çatışmazlığı hazırda qabarıq şəkildə özünü büruzə verir. Bakı şəhərində D və DE kateqoriyası olan, avtobus idarə etmək istəyən sürücülərin sayı azdır. D və DE kateqoriyasına malik sürücülük vəsiqəsi olan şəxs peşə səviyyəsi, işə yanaşması baxımından avtobus idarə etmək üçün hazır deyil. Sürücülük vəsiqəsi olan hər kəsə avtobus verib ictimai nəqliyyatı idarə etməyi tapşırmaq hələ tezdir.
Peşəkar avtobus sürücülərinə bu gün ehtiyac var. Peşəkar sürücülər hazırlayan məktəblərə xüsusi diqqət yetirmək lazımdır. Həmin məktəblərdə real dərslər keçirilməlidir. Vəsiqə əldə edəndən sonra da avtobus sürücülüri üçün xüsusi hazırlıq kursları təşkil olunmalıdır. Sürücülər vaxtaşırı yoxlanılmalıdırlar. Həmçinin, avtobus sürücülərinin normal iş və istirahət saatı təmin olunmalıdır. Onların maddi təminatı normal səviyyədə olmalıdır ki, peşəkar sürücülər başqa sahəyə meyl göstərməsinlər”.
Həmsöhbətimiz bu gün Bakı şəhərində avtobus çatışmazlığının yaşandığını dilə gətirdi. Onun sözlərinə görə, hazırda paytaxt ərazisində hərəkətdə olan daşıyıcıların 30 faizinin istismar müddəti başa çatıb. Avtobus çatışmadığı üçün, məcburən həmin avtobuslar hələ də istismar olunur: “Avtobus çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif fikirlər səslənir. Bildirilir ki, avtobus sayını normal səviyyəyə çatdırmaq üçün iritutumlu daşıyıcı ilə əvəz etmək olar. Elə marşrutlar var ki, onun həcmini kiçiltmək olar. Bakıətrafı ərazilərə nisbətən kiçik ölçülü daşımalar bərpa olunur”.
Ə.Hüseynov hesab edir ki, ictimai nəqliyyat sektorunda yaşanan problemi aradan qaldırmaq üçün bu sahəyə investisiya yatırılmalıdır: “Mövcud sahibkarları stimullaşdırmaq lazımdır. Onlara müəyyən güzəşt tətbiq etməklə yeni avtobusların gətirilməsinə nail olmaq olar”.
Günel CƏLİLOVA