Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda həbs edilib. Trend-in məlumatına görə, hazırda onun Azərbaycana ekstradisiya edilməsi məsələsi müzakirə olunur.
55 yaşlı Z.Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri Hacıyevanın "fırıldaqçı" olmadığını deyir.
O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
Qeyd edək ki, UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.
Vestminster Magistr Məhkəməsində məlum olub ki, Z.Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Z.Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.
O, iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.
Məhkəmə hakimi Emma Arbutnot bildirib ki, Z.Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməlidir. Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.
Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.
Apelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir.