Qara Məşədiyev: “Əcnəbi sözləri və məişətdə istifadə etdiyimiz danışıq tərzini...”
Azərbaycan dilinin qorunması, eyni zamanda da həm ictimai, həm də rəsmi yerlərdə, KİV-lərdə işləkliyinin yüksək səviyyədə təmin edilməsi əsas vəzifələrdən biridir. Dövlət tərəfindən dilimizin inkişafına, yad ünsürlərdən qorunmasına, dilin lüğət tərkibinin zənginləşdirilməsinə, ana dilimizin işləkliyinin həyata keçirilməsinə böyük şərait yaradılır. İndiyə qədər Prezident İlham Əliyev ana dilimizlə bağlı bir neçə sənəd imzalayıb.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi kimi xoşagəlməz faktların aradan qaldırılması məsələsinə də toxunulub. Eyni zamanda, problemin həlli istiqamətində görüləcək işlər sənəddə əks olunub.
İctimai yerlərdə, rəsmi tədbirlərdə, KİV-lərdə və s. məişət sözlərindən və əcnəbi sözlərdən, ifadələrdən, yerli-yersiz, istifadə edilməsinə mütəxəssislər də yaxşı baxmırlar.
AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, professor Qara Məşədiyev “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət səviyyəsində dilimizin qorunması, işləkliyinin təmin edilməsi sahəsində çox mühüm addımlar atılır. Ölkə başçısının Azərbaycan dili ilə bağlı imzaladığı bütün sənədlər dilçilik elminin inkişafına, ana dilimizin daha yüksək səviyyədə yaşadılmasına imkan verir. “Azərbaycan dili çox zəngin dildir və dilimizdə bütün əcnəbi sözlərin qarşılığı var. Mən bir mütəxəssis kimi efirdə, mətbuatda, rəsmi yerlərdə, elmi mərkəzlərdə, təhsil ocaqlarında və s. ədəbi dilimizdən istifadə edilməsinin, dil normalarına riayət olunmasının tərəfdarıyam. Bəli, bir sıra hallarda efirlərdə məişətdə işlənən sözlərdən geniş istifadə edilir, öz sözlərimiz dura-dura əcnəbi sözlər işlədilir.
Prezident İlham Əliyev ana dilimizin qorunması, işləkliyinin təmin edilməsi, gələcəkdə də aktiv, seçilən, yaşayan dil olması üçün müxtəlif sərəncam və fərmanlar imzalayır. Bu, dilimizin yaşamasına böyük şərait yaradan məsələlərdir.
Biz də dilimizi elə qorumalıyıq, elə işlətməliyik ki, orada yad ünsürlər iştirak etməsin. Ədəbi dilimizi yaşatmalıyıq, inkişaf etdirməliyik. Əcnəbi sözləri və məişətdə istifadə etdiyimiz danışıq tərzini efirə, ekrana, mətbuata gətirməməli və çıxışlarımızda onlardan istifadə etməməliyik, bu yolverilməzdir. Əcnəbi sözləri də, məişət sözlərini də işlətməyin qaydası var, amma onları biz öz aramızda işlədə bilərik, ictimaiyyətdə onların işlədilməsi doğru deyil və bir dilçi kimi bunu bəyənmirəm. Gənclərə də tövsiyəm odur ki, dilimizi qorusunlar, ədəbi dilimizi işlətsinlər, yaşatsınlar” - deyə Q.Məşədiyev bildirdi.
İradə SARIYEVA