Mərhum şairə Xanımana Bağırova və tarix üzrə elmləri doktoru Məhərrəm Zülfüqarlının “Sirli, sehirli Buzovna (Şifahi tarix)” kitabı bu günlərdə çapdan çıxıb.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, kitabda XX əsrin əvvələrindən 60-cı illərinə kimi Bakının Buzovna kəndinin ictimai-siyasi həyatında baş vermiş maraqlı hadisələr, Buzovnanın adlı-sanlı adamları, tarixi abidələri, qədim məhəllələri, təsərrüfatı və s. haqqında məlumat verilib. Kitab “Ön söz”, “Buzovnanın keçmişi”, “Sirli Buzovnanın su pərisi möcüzəsi”, “Buzovnanın digər sirli hadisələri”, “Əli ayağı” sökülərkən baş vermiş qeyri-adi hadisələr”, “Ata-baba yurdu haqqında”, “Hacalı bəyin Şüvalandakı mülkləri və Əlyazmaya əlavə: Buzovna haqqında qısa arayış” adlı bölmələrdən ibarətdir.
Kitabda inkişaf etmiş ölkələrdə tarixi tədqiqatlarda çoxdan tətbiq olunan şifahi tarixdən geniş istifadə olunur. Şifahi tarix bəzən hadisələrin rəsmi tarixdən daha obyektiv işıqlandırılmasına imkan verir. Çünki rəsmi tarix çox zaman müxtəlif hakimiyyətlərin siyasətinə qulluq etdiyindən subyektiv xarakter alır. Lakin canlı şahidlərin hadisələr haqqında verdiyi məlumatlar əsasında yazılan tarix öz obyektivliyi ilə diqqəti cəlb edir. ABŞ-da bir sıra nüfuzlu ailələr haqqında kitablar məhz şifahi tarix əsasında yazılıb. Azərbaycanda bu cür tədqiqatlar ilk dəfə 20 Yanvar hadisəsi ilə bağlı aparılıb.
Kitabın əsas hissəsi buzovnalı mərhum şairə, “Ana duyğuları” kitabının müəllifi Xanımana Bağırovanın əlyazması əsasında, şifahi tarixi faktlara əsasən yazılıb. Kitabdakı ön söz və əlavələr isə X.Bağırovanın oğlu, “İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın (İPTA) sədri, tarix üzrə elmləri doktoru Məhərrəm Zülfüqarlıya aiddir.