Könül Vaqifqızı: “Beləliklə, valideynlər övladlarının təhlükəli şəxslərlə virtual münasibət qurmasına mane olacaq”
Xəbər verildiyi kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən “Valideyn nəzarəti və internet təhlükəsizliyi” www.kidsafe.az proqramı hazırlayıb. Qeyd edək ki, proqram “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılıb. Valideyn-internet təhlükəsizlik və nəzarət proqramının yaradılmasında əsas məqsəd uşaqların kompyuter təhlükəsizliyinin təmin olunmasıdır.
Proqram vasitəsilə uşaqların kompyuterdən hansı vaxtlarda istifadə edə biləcəyini öncədən təyin etmək mümkün olacaq, uşaqların yaş həddinə uyğun olmayan səhifələrə girişinə mane olunacaq və xəbərdarlıq ediləcək, valideynlər uşaqların bütün yazışmalarını və harada yazışdıqlarını öz sistemində olan kabineti vasitəsilə müşahidə edə biləcək. Proqram axtarış motorlarında uşaqların yaşına uyğun olmayan nəticələrin çıxmasının qarşısını alacaq. Uşaqların asudə vaxtını səmərəli etmək üçün proqram daxilində müxtəlif mövzularda maraqlı yazılar yerləşdiriləcək. Valideynin sistemində bir kabinet mövcud olacaq. Buradan istifadə edərək fərdi kompyuterlərin istifadəsinə nəzarət etmək mümkün olacaq. Məlumat üçün bildirək ki, proqramı həm windows, həm də android üçün yükləmək mümkündür.
Proqramın əhəmiyyəti barədə danışan psixoloq Könül Vaqifqızı bizimlə söhbətində qeyd etdi ki, uşaqların internet təhlükəsizliyinin təmini üçün mütəmadi tədbirlər həyata keçirilir. Müəyyən proqramlar hazırlanır, layihələr həyata keçirilir: “Danılmaz faktdır ki, XXI əsr internet əsridir. Uşağa internetdən istifadəyə qadağa qoya bilmərik. Ancaq uşağın internetdən necə istifadə etdiyinə nəzarət etmək lazımdır. Valideynlər daha çox uşaqlarının internet üzərində hansı oyunlar oynadığına diqqət etməlidirlər. Bu gün internetdə uşaqlar üçün zərərli olan çoxlu sayda oyun var. Zərərli oyunlar uşaqlarda müəyyən xoşagəlməz hallar yaradır. Komitə və BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələri əsasında hazırlanan “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı sayəsində valideynlər övladlarının kompyuterdə hansı oyunlar oynadığına, ümumiyyətlə, hansı saytlara daxil olduğuna nəzarət edə biləcək”.
Həmsöhbətimiz onu da bildirdi ki, tətbiq olunan yeni proqramda valideynlər övladlarının kompyuterdə kiminlə yazışdığına da nəzarət edə biləcək. Bu olduqca yaxşı haldır: “Beləliklə, valideynlər övladlarının təhlükəli şəxslərlə virtual münasibət qurmasına mane olacaq. Eyni zamanda, uşaqların yaşına uyğun olmayan saytlara da qadağa tətbiq olunacaq. Proqram 1000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunub”.
Günel CƏLİLOVA