Milli Məclis tərəfindən “Psixoloji yardım haqqında” qanun layihəsi qəbul edilib. Yeni qəbul edilən qanun layihəsinə münasibət bildirən tanınmış psixoloq-alim, professor Nadir İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bu qanun layihəsinin böyük əhəmiyyət daşıdığını qeyd etdi. “Bu qanun layihəsinin hazırlanaraq qəbul edilməsi çox vacib idi. Artıq qanun layihəsi qəbul edilib və bunun əhaliyə psixoloji yardım göstərilməsi sahəsində çox böyük rolu olacaq. Ümumiyyətlə, istənilən cəmiyyətdə əhalinin ən çox ehtiyac duyduğu şəxslər psixoloqlardır” - deyə bildirən N.İsmayılovun sözlərinə görə, bu qanun artıq imkan verəcək ki, ali və orta məktəblərdə, zavod və fabriklərdə, eləcə də digər müəssisələrdə insanlara psixoloji yardımlar göstərilsin.
“Hər bir yerdə psixoloq xidmətinin olması vacibdir. Psixoloqlar psixoterapiya ilə məşğul ola bilir, onlar psixoloji tədqiqatlar aparırlar. Əgər onlar klinikalarda işləyirlərsə, diaqnostika işində həkimlərə yardımçı olurlar. Bu xidmət sahəsi çox gərəklidir. İranda nə qədər həkim-psixiatr varsa, bir o qədər də psixoloq var. Yaxud Amerikada psixoloqların sayı psixiatrlardan da çoxdur. Bizdə isə psixoloqların sayı nisbətən azdır. Ölkəmizdə də artıq bu məsələyə ciddi fikir verilməyə başlanıb”. N.İsmayılov, həmçinin, qeyd etdi ki, bu gün ölkəmizdə psixoloqların peşəkarlıq səviyyəsi yüksəlməkdədir. Hazırda xidmət sahəsində olan psixoloqların əksəriyyətinin ali təhsilli olduğunu vurğulayan N.İsmayılov bildirdi ki, Bakı Dövlət Universitetində yetişdirilən psixoloqlar psixoloji xidmət sahəsinin tələblərinə cavab verir. “Bakı Dövlət Universitetində psixoloqlar çox yaxşı yetişdirilir. Bu gün psixoloqlar əsasən orada təhsil alırlar. Bu gün fəaliyyət göstərən psixoloqlar arasında peşəkarlar çoxdur. Bildiyiniz kimi, hazırda ölkəmizdə müxtəlif psixoloji mərkəzlər fəaliyyət göstərir və orada işləyən mütəxəssislər əhaliyə psixoloji yardım göstərirlər” - deyə bildirən N.İsmayılov hesab edir ki, “Psixoloji yardım haqqında” Qanun bu sahəyə təsadüfən gələn insanların fəaliyyət dairəsini daraldacaq və onları tədricən sıradan çıxaracaq. Alimin fikrincə, artıq bu sahə qanunla tənzimləndiyi üçün, qeyri-peşəkarlar bu sahəni özlərinin gəlir mənbəyinə çevirə bilməyəcəklər. “Bu sahəyə təsadüfən gələn insanlar da var. Sözsüz ki, yeni qanun qeyri-peşəkar səviyyədə psixoloji xidmət göstərənlərin fəaliyyətini məhdudlaşdıracaq. Onları heç kəs işə götürməyəcək”. N.İsmayılov onu da dedi ki, əhaliyə psixoloji xidmət yalnız peşəkarlar tərəfindən göstərilməlidir.
Qeyd edək ki, yeni qəbul edilən bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
İradə SARIYEVA