Ərşad Hüseynov: “Bu sistem işlək olmadığı üçün, hərəkət edən avtobusların harada olduğunu heç kəs bilmir”
Avtobus dayanacaqlarının əksəriyyətində bələdçi monitorlar quraşdırılıb. İlk baxışdan sərnişinlərə elə gəlir ki, onlar monitorlar vasitəsilə nəqliyyat vasitələrinin gəlmə müddətini öyrənə bilərlər. Lakin monitora yaxın getdikdə və ondan istifadə etmək istədikdə tamamilə başqa mənzərə ilə qarşılaşırlar.
Onlar avtobus dayanacaqlarında quraşdırılan monitorların heç birinin işlək vəziyyətdə olmadığını görürlər. Bu da sərnişinlərdə narazlıq yaradır ki, işləməyən bir qurğunun avtobus dayanacağında saxlanmasına nə ehtiyac var?! Sərnişinlərə bələdçilik etməli olan sistemin işlək vəziyyətdə olmaması ictimaiyyəti ciddi narahat etdiyi kimi, ekspertləri də qayğılandırır.
Mütəxəssislər 2012-ci ildə Bakıdakı mövcud dayanacaqlara 600-dən artıq monitorun quraşdırıldığını, lakin hazırda cüzi hissəsinin işlək vəziyyətdə olduğunu deyirlər.
Mövzu ilə bağlı tanınmış ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, sərnişinlər üçün bələdçi rolunu oynamalı olan monitorlar quraşdırıldığı vaxtlardan normal qaydada işləməyib. O qeyd etdi ki, həmin monitorlar öz funksiyasını yerinə yetirmədiyi üçün, onların olmasından olmaması daha münasibdir: “Məndə olan məlumata görə, ümumiyyətlə, başdan o monitorların sistemi qurulmayıb. Yəni heç əvvəldən onların sistemi olmayıb. 7-8 il bundan əvvəl keçmiş Nəqliyyat Nazirliyi həmin monitor qurğuları Cənubi Koreyanın hansısa şirkətindən alıb gətirmişdi. O vaxt monitorlar quraşdırılsa da, onları tam işlək vəziyyətə gətirməyiblər, bütün işlər yarımçıq görülüb. O sistem belə bir sistemdir ki, onun iki nöqtəsi və informasiyanı qəbul edən, emal edən, əlaqələndirən mərkəzi-serveri olmalıdır. İki nöqtədən biri abtobusdur, o biri isə sizin gördüyünüz monitordur. İnformasiyanı bölüşdürən, emal edən, nəzarət edən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzidir”.
Avtobusların əksəriyyətində informasiyanı həmin o mərkəzə oturdan sistemin qısa müddətdən sonra sıradan çıxdığını deyən Ə.Hüseynovun sözlərinə görə, ona qulluq edilmədiyi, nəzarət olunmadığı üçün bu iş yarıtmaz vəziyyətdədir. “Bu sistem işlək olmadığı üçün, hərəkət edən avtobusun harada olduğunu heç kəs bilmir. Monitorların da bəzilərinə 4-5 ildir qulluq göstərilmədiyi üçün onlar tam olaraq sıradan çıxıb. Bir də ki, şəhərimizdə həyata keçirilən tikinti-quruculuq işləri zamanı kabellərin də əksəriyyəti sıradan çıxarılıb, sonra isə bərpa olunmayıb” - deyə bildirən Ə.Hüseynovun sözlərinə görə, bu sistem yenidən təzələnməli, işlək vəziyyətə gətirilməlidir ki, sərnişinlərin maraqları təmin olunsun.
Ekspertlərin sözlərinə görə, avtobus informasiya terminalı adlandırılan cihazlar avtobus dayanacaqlarında avtobusun gələcəyi vaxt haqqında informasiyanın sərnişinlərə çatdırılması üçün nəzərdə tutulur, ancaq onlar bu funksiyanı yerinə yetirmirlər.
Bakı Nəqliyyat Agentliyindən mətbuata verilən məlumata görə isə, avtobus informasiya terminalları agentlik yaradılmazdan əvvəl quraşdırıldığı üçün, agentlik fəaliyyətə başlayan kimi şəhərin ümumi nəqliyyat sistemi ilə bağlı mövcud vəziyyəti təhlil edib, bir çox çatışmazlıq aşkarlayıb, avtobus informasiya terminalları ilə bağlı nöqsanlar da bu sıradadır. Agentlikdən onların təyinatı üzrə işləməsi üçün tədbirlər görüldüyü bildirilib.
İradə SARIYEVA