Məhərrəm Zülfüqarlı: “İnsanlar gündəlik həyatlarında bunu bilavasitə görürlər ki, hər hansı bir sənəd almağa gedəndə onlara nümunəvi xidmət göstərilir”
“Bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir”. Bunu Prezident İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi: "Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək”.
Prezident onu da vurğulayıb ki, bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır: “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq”.
Həqiqətən də “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayandan sonra əhaliyə göstərilən xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldi. Süründürməçilik, bürokratik əngəllər və digər neqativ hallar aradan qaldırıldı. Bu baxımdan, ekspertlər “ASAN xidmət” mərkəzlərində rüşvətxorluq, korrupsiya və süründürməçiliyin sıfır səviyyəsinə endirilməsini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, “ASAN xidmət” mərkəzlərində bütün neqativ hallar aradan qaldırılıb: “Məsələ ondadır ki, “ASAN xidmət” nümunəvi bir xidmətdir. Bu xidmət özünü ən yüksək səviyyədə doğrultduğu üçün, islahat ona doğru gedir ki, bütün idarələrdə göstərilən xidmət bu cür qurulsun. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə birdən-birə olmur. Buna zaman lazımdır. Ancaq “ASAN xidmət” nümunədir ki, artıq mərhələ-mərhələ Bakı və regionlarda bu xidmətdən geniş səviyyədə istifadə edilir. İnsanlar gündəlik həyatlarında bunu bilavasitə görürlər ki, hər hansı bir sənəd almağa gedəndə onlara nümunəvi xidmət göstərilir. Əvvəllər insanlar xarici pasport almaqdan ötrü səhər tezdən axşamacan növbədə dururdular. Nəticədə süründürməçilik yaranırdı. Bu da, öz növbəsində, rüşvətxorluq və digər neqativ hallara yol açırdı. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində rüşvətxorluq və digər bu kimi neqativ halların hamısı aradan qaldırılıb. İndi hər cür şərait yaradılıb ki, əhali rahat şəkildə gəlib xidmətin imkanlarından bəhrələnsin. Kim xarici pasportu tez götürmək istəyirsə, bir az çox ödəniş etməli olur. Kimin ki, vaxtı var, ödənişi az edir və gözləyir. İşini normal quranlar az ödəniş etməklə bəlli bir müddətdən sonra ona lazım olan sənədi əldə edirlər. Yəni “ASAN xidmət” mərkəzləri sırf demokratik cəmiyyətlərə xas olan bir qurumdur. Biz şadıq ki, bu, Azərbaycanda inkişaf edir. Prezident qeyd etdi ki, gələcəkdə “ASAN xidmət” mərkəzləri daha da inkişaf edəcək və regionlarda onların sayı artırılacaq. Bunu ancaq alqışlamaq lazımdır”.
Vidadi ORDAHALLI