26 oktyabr şəhid gizir Aydın Abdullayevin şəhid olduğu gündür. 2013-cü ilin 26 oktyabr tarixində Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olan Aydın Əmirsoltan oğlu Abdullayevin vəfatından 5 il ötür.
Dünən Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində şəhid gizir, kəşfiyyatçı-snayper A.Abdullayevin xatirəsinə həsr olunan tədbir keçirildi. Tədbirdə, həmçinin, Mədəniyyət Nazirliyinin “Respublika Xatirə Kitabı” redaksiyasının şəhid haqqında çap etdiyi “Gözlə, gələcəyəm” kitabının təqdimat mərasimi də baş tutdu.
Əvvəlcə dövlət himni səsləndirildi. Sonra “Gözlə, gələcəyəm” adlı kiçik videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Aydın Abdullayev haqqında kitabın ərsəyə gəlməsi haqqında danışdı. Bildirdi ki, redaksiyanın “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində çap olunan “Gözlə, gələcəyəm” kitabı A.Abdullayev haqqında yaradılan bir mənəvi abidədir. Tədbirdə, həmçinin, kitabın müəllifi, jurnalist İradə Sarıyeva, şəhidin atası Əmirsoltan Abdullayev, yazıçı-jurnalist Bəxtiyar Qaraca, Azərbaycan Televiziyasının əməkdaşı Kəmalə Mirzəyeva, eləcə də A.Abdullayevin təhsil aldığı Suraxanı rayon 278 nömrəli orta məktəbin direktoru, rayon ictimaiyyəti, veteran təşkilatlarının təmsilçiləri çıxış etdilər.
Sonra 278 nömrəli məktəbin şagirdlərinin ifasında A.Abdullayevin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya təqdim edildi.
Xəbər xidməti