Güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Qarant” şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü qopardıb. Binalardan birinin dam örtüyü tamamilə, digərlərininki isə qismən dağılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, Dövlət Komitəsi sədrinin göstərişi ilə Komitənin Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstismar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gedib.
Hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaalrının dam örtüklərinin qopmuş konstruksiyalarını şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirir.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması, binaların dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanacaq.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də gedib.