Kamran Əsədov: “Ali məktəblərə qəbul imtahanının nəticələri təhlil olunarkən aydın olur ki…”
Açıqlanan statistik rəqəmlərə əsasən, son 15 ildə Azərbaycanda özəl orta məktəblərdə oxuyan şagirdlərin sayı 3 dəfədən çox artıb. 2002-2003-cü tədris ilində qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində 3373 şagird təhsil aldığı halda, 2017-2018-ci tədris ilində onların sayı 10.928-ə yüksəlib. 2002-2003-cü tədris ilində ölkədə 9 özəl ümumtəhsil müəssisəsi olsa da, 2017-2018-ci tədris ilində bu say 28-ə çatıb.
Özəl orta məktəblərdə oxuyan şagirdlərin 96,5 faizi 1 növbəli, 3,5 faizi iki və ya üçnövbəli oxuyur.
Özəl orta məktəblərdə təhsil alan şagirdlərin sayının artması səbəblərini aydınlaşdırmaq məqsədilə təhsil sahəsi üzrə ekspert Kamran Əsədova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, tək Azərbaycanda deyil, bütün dünya ölkələrində özəl sektorun təhsildə payı ciddi şəkildə artır: “Özəl təhsil müəssisələrinin sayının artması labüddür. Ancaq bizdə vəziyyət bir qədər fərqlidir”.
Həmsöhbətimizin sözlərinə görə, dövlət təhsil məktəblərində neqativ hallar kifayət qədər çoxdur. Dövlət orta ümumtəhsil məktəblərində təhlükəsizlik aşağı səviyyədədir: “Həmçinin, dövlət orta məktəblərində xarici dilin tədrisi bərbad haldadır. Məlumat üçün bildirim ki, orta məktəblərdə dərs deyən xarici dil müəllimlərinin diaqnostik qiymətləri çox aşağı səviyyədədir. Xarici dil müəllimlərinin əcnəbi dildə danışığı, yazmağı ürəkaçan deyil. Ancaq özəl orta məktəblərdə isə xarici dillərin tədrisi və əlavə fəaliyyət sahələrinin şagirdlərə öyrədilməsi qaneedicidir. Həmin təhsil müəssisələrində şagirdlərə təkcə bilik deyil, eyni zamanda bacarıq da öyrədilir. Təəssüf ki, dövlət orta məktəblərində şagirdlərə əlavə bacarıq öyrədilmir. Bu səbəbdən də insanlar özəl orta məktəblərə üstünlük verirlər”.
Ekspert onu da vurğuldı ki, ali məktəblərə qəbul imtahanının nəticələri təhlil olunarkən aydın olur ki, özəl orta məktəblərin nəticələri dövlət təhsil müəssisələrinə nisbətən daha yaxşıdır. Bu hal insanların dövlət orta məktəbinə deyil, özəl təhsil müəssisələrinə meyl etməsinə səbəb olur.
Günel CƏLİLOVA