Böyük Vətən Müharibəsində itkin düşmüş və həlak olmuş azərbaycanlıların axtarışı məqsədilə yaxın günlərdə Mədəniyyət Nazirliyinin sektor müdiri, kinorejissor Cəmil Quliyevin baş redaktorluğu ilə “qələbə.az” saytı istifadəyə veriləcək.
Ölkəmiz üçün yeni olan bu layihə Böyük Vətən Müharibəsinin itkin düşmüş azərbaycanlı iştirakçılarının axtarılmasının, onların adlarının əbədiləşdirilməsinin, xalqımızın öz tarixinə və hər bir vətəndaşına sahib çıxmasının əyani sübutudur.
“Böyük Vətən Müharibəsində iştirak edən, itkin düşən, həlak olan azərbaycanlılarla bağlı xüsusi saytın yaradılmasına münasibətim normaldır. Biz tariximizin Sovet dövrünü silib ata bilmərik, çünki bu dövrdə yaşamışıq. Bəzən kimlərsə deyirlər ki, tariximizin bu dövrünü silib atmaq lazımdır, lakin bu çox yanlış düşüncədir. Bu saytda Böyük Vətən Müharibəsində iştirak edən azərbaycanlılar yada salınırsa, onların qəhrəmanlığı, şücaəti barədə məlumatlar verilirsə, o insanların döyüş yolu təbliğ edilirsə, buna yalnız müsbət yanaşılmalıdır. Həmin dövrdə Azərbaycan nefti olmasaydı, İkinci Dünya Müharibəsində SSRİ-nin qələbə qazanması mümkünsüz idi. Bu baxımdan həmin saytın yaradılmasını normal qəbul edirəm. Hesab edirəm ki, Azərbaycan tarixini bütöv götürmək lazımdır”.
Bunu “Bakı-Xəbər”ə Böyük Vətən Müharibəsində itkin düşən və həlak olan azərbaycanlılarla bağlı istifadəyə veriləcək “qələbə.az” saytının yaradılmasına münasibət bildirən “Şərq” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı Akif Aşırlı dedi.
A.Aşırlı, həmçinin, vurğuladı ki, 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak edən hər bir azərbaycanlıya xüsusi dəyər verilməlidir. O qeyd etdi ki, bu müharibədə həlak olan və itkin düşən hər bir vətən övladının xatirəsi əziz tutulmalıdır. Onların bir qəhrəmanlıq nümunəsi olduğunu deyən A.Aşırlının sözlərinə görə, bəzi şəxslər respublikamızın ayrı-ayrı yerlərində 1941-1945-ci illərdə müharibədə həlak olan insanların xatirəsinə qoyulan abidələrin sökülməsini istəyir. Bunun yolverilməz olduğunu deyən A.Aşırlı hesab edir ki, bunun bizə xalq olaraq heç bir faydası yoxdur. “Bizim ata-babalarımız, yaxınlarımız, bir sözlə, xalqımızın övladları Böyük Vətən Müharibəsində iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Onlar arasında həlak olanlar da, itkin düşənlər də olub. Ona görə də bu məsələyə həssas yanaşmaq lazımdır” - deyə A.Aşırlı bildirdi.
İradə SARIYEVA