“Oktyabrın 22-də “Haqqın.az” saytında Azərbaycanın böyük şairi, 1938-ci ildə repressiya qurbanı olmuş Mikayıl Müşfiqin dəfn olunduğu məkanın aşkar edilməsi barədə məlumat dərc olunub.
Məlumatda bildirilir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov 70-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun məzarının axtarışı üçün Azərbaycan hökumətindən icazə alıb, bu prosesdə ona keçmiş Xalq Daxili İşlər Komissarlığının (NKVD) və Bayıl həbsxanasının keçmiş “ölüm korpusu”nun tibbi xidmətinin əməkdaşları kömək edib. Həmçinin iddia olunur ki, axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları F.Əhmədova 30-50-ci illərdə Azərbaycanın rəhbəri olmuş, 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də şair Mikayıl Müşfiqin basdırıldıqları yerləri də göstəriblər”-bunu böyük şairimiz Mikayıl Müşfiqin cəsədinin aşkarlanması ilə bağlı yaylan iddialarla bağlı “Bakı-Xəbər”ə açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
İ.Hümbətov qeyd edir ki, F.Əhmədov sayta verdiyi açıqlamada Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı guya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verdiyini də bildirib.
Nazirlik yetkilisinin sözlərinə görə, Mədəniyyət Nazirliyi bununla bağlı bildirir ki, qeyd olunan məsələyə dair nazirliyə heç bir müraciət daxil olmayıb:”Lakin mediada bu barədə məlumat yayıldıqdan sonra nazirlikdə məsələnin diqqətdə saxlanması, araşdırılması üçün ciddi tapşırıq verilib. Mikayıl Müşfiq (1908-1938) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Bu il nakam şairin 110 illiyi dövlət səviyyəsində qeyd edilir və onunla bağlı yayılan məlumat olduqca həssas mövzudur. Nazirlik onu da diqqətə çatdırır ki, bu məsələyə dair yekun sözü və məlumatın dürüstlüyü barədə hər hansı fikri yalnız mütəxəssislərin müvafiq araşdırmasından sonra söyləmək mümkündür. Mövzu ilə əlaqədar yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.
İradə SARIYEVA