Son 25 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb. Bunu “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
O qeyd edib ki, müasir dövrün cavan ailələrində ilk uşaq qız olduqda ikinci övladın oğlan olmasını istəyirlər.
S.Qəhrəmanova bildirib ki, uşaqların cins nisbətinin pozulması qadına, doğulmayan uşağa qarşı törədilən zorakılığın bir növüdür: "Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüquqları pozulur. Təəssüf ki, bu problemin mahiyyəti insanlara hələ də yetərincə çatmır. Problemin aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılması zəruridir".
Zərif cinsin nümayəndələrinin sayının əks cinsə nisbətən azalması gözləniləndir. Çünki son illər insanların oğul valideyni olmaq istəyi qızların sayının azalmasına səbəb olub.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qarşıdakı illərdə də kişilərin sayı artacaq: “Qız uşaqlarının sayının azalmasının əsas səbəblərindən biri də cəmiyyətdə ictimai şüurun dəyişilməsi, yaxşı nümunələrin təbliği, qız uşaqlarının ölkənin həyatında rolunun vacibliyi, onların ölkəmizi dünya miqyasında təmsil etmələri ilə bağlı deyil, digər mənfi halların qabardılmasıdır. Ona görə də düşünürəm ki, bu nə iqtisadi, nə siyasi, nə də digər amillərlə bağlıdır. Məsələnin kökündə stereotiplər və ayrı-ayrı qrupların bu kimi tendensiyanı yayması dayanır. İnsanlar başa düşməlidir ki, əhalinin yarısını qadınlar təşkil edir və onların təhsil baxımından güclənməsi ölkənin inkişafına xidmət etmiş olar. Qadınların məhdudlaşdırılması, qapanması, sayının qəsdən və bilərəkdən azaldılması, çərçivəyə salınması, onlara qarşı zorakılıq ilk növbədə ölkənin inkişafına ciddi zərbə vurur. Problemin həll olunması üçün ciddi tədbirlər həyata keçirilməlidir. Bu tip stereotiplərə qarşı mübarizə gücləndirilməli və daha da qabarıq şəkildə təqdim edilməlidir. QHT-lər, ictimai nüfuzlu şəxslər və digərləri qadına qarşı olan bu mənfi münasibətə öz iradını bildirməlidir”.
Həmsöhbətimiz onu da bildirdi ki, qızların sayının azalması cəmiyyətdə kəskin sosial problemlər yarada biləcək: “Qadınların sayının azalması o deməkdir ki, dünyaya uşaq gətirən anaların sayı azalacaq. Gələcəkdə oğlanlar ailə qurmaq istərkən çətinliklə üzləşəcəklər. Bu səbəbdən də “əgər qızdırsa, onun dünyaya gəlməsini istəmirik” fikrindən insanları çəkindirmək lazımdır. Bəzən ailədə də çox vaxt qızın doğulmasını problem kimi qarşılayırlar. Kişilər “İki qızım var, üçüncünü nə edirəm?” - deyərək vaxtında ondan xilas olmağa çalışırlar. Hətta bir neçə dəfə dünyaya qız övladı gətirən qadına tənələr olunur, bəzən isə ailədə boşanma halları da baş verir. Bu cür qadınlara oğlan anasına nisbətən daha az hörmət edilməsi də faktdır. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmi inkişafdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Bunun üçünsə, ilk növbədə maarifləndirmə işi aparılmalıdır”.
Günel CƏLİLOVA