Bahadur Bilalov: “Fars körfəzi ölkələrindən Azərbaycana gələn turistlər üçün viza rejimi sadələşdirilib”
Dünyada baş verən proseslər nəticəsində qeyri-neft sektorunun inkişafı zərurətə çevrilib ki, burada turizmin xüsusi rolu var. Məhz bu sektoru inkişaf etdirməklə hazırda bir sıra ölkələr yüksək gəlir əldə edirlər. Ölkəmizdə də turizmin inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Görülən işlər sayəsində turizmin inkişafında müsbət nəticələr əldə olunur. Müxtəlif ölkələrdən səyahət üçün ölkəmizə səfər edən turistlərin sayı günü-gündən artır.
Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 15,8 faizi İran, 11,6 faizi Türkiyə, 4,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Ukrayna, 1,8 faizi İraq, 14,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 6,4 faiz azalma müşahidə edilib.
Körfəz ölkələrindən gələn vətəndaşların sayının artması barədə fikir bildirən turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bizimlə söhbətində bildirdi ki, İran istisna olunmaqla, Körfəz ölkələrindən gələn turistlərin sayı artıb: “Məlumdur ki, Fars körfəzi ölkələrindən Azərbaycana gələn turistlər üçün viza rejimi sadələşdirilib. Viza rejiminin sadələşdirilməsi turistlər üçün böyük əhəmiyyət daşıyır. Artıq əksər ölkə vətəndaşlarının Azərbaycana gəlmək marağı var. Bunun da məlum səbəbləri var. Belə ki, son illər ölkəmizdə keçirilən beynəlxalq yarışlar sayəsində ölkəmizə gələn turistlərin sayı artıb. Həmin yarışlardan sonra tək Avropa deyil, digər qitələrin vətəndaşları da Azərbaycanla maraqlanırlar".
Həmsöhbətimizin fikrincə, turistlərin əksəriyyətinin BƏƏ vətəndaşları olmasının səbəblərindən biri Azərbaycanın islam ölkəsi olmasıdır. İslam ölkələrindən Azərbaycana gələn turistlərin sayı gələcəkdə daha da artacaq.
Günel CƏLİLOVA