Telman Zeynalov: “Yəqin ki, bu qurum burada monitorinq aparıb və Azərbaycanda ekoloji tarazlığın mövcudluğunu, bu tarazlığın qorunmasını yaxından müşahidə edib”
Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı həyata keçirilən işlər son zamanlar daha çox müzakirə edilir. Ölkəmizdə ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin təmin edilməsi və s. istiqamətdə əldə etdiyimiz nailiyyətlər yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də diqqətdən yayınmır.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycana da ayrıca yer ayrılıb. Yeni metodologiya əsasında hazırlanan hesabat ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Qeyd edək ki, Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub.
Azərbaycanda ətraf mühitin mühafizəsi məsələsi ilə bağlı hesabata daxil edilən fikirlərin bu sahədə ölkəmizdə görülən işlərin nəticəsi olduğunu vurğulayan ekoloq Telman Zeynalov hesab edir ki, Azərbaycan son illər ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra uğurlu işlər görüb. Ölkə üzrə həyata keçirilən tədbirlər nəticəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərin beynəlxalq qurumların diqqətindən yayınmadığını deyən T.Zeynalovun sözlərinə görə, bu olduqca müsbət haldır: “Doğrudan da Azərbaycanda ətraf mühitin mühafizəsi məsələsində ciddi irəliləyişlərimiz var. Onu da deyim ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bu sahədə daha genişmiqyaslı və davamlı işlər həyata keçirilməyə başladı. Bu gün ölkəmizdə ətraf mühitin mühafizəsinə, onun qorunmasına çox ciddi fikir verilir. Bu sahədə həyata keçirilən ardıcıl siyasət, görülən işlər beynəlxalq qurumların da nəzərindən qaçmır. Bu hesabat bir-beş günün işi deyil, onun hazırlanmasına böyük zaman lazım gəlib. Bu hesabatda Azərbaycanla bağlı müsbət fikirlər səslənməsi məni çox sevindirir. Yəqin ki, bu qurum burada monitorinq aparıb və Azərbaycanda ekoloji tarazlığın mövcudluğunu, bu tarazlığın qorunmasını yaxından müşahidə edib. Ölkəmizdə ətraf mühitin mühafizə edilməsi sahəsindəki uğurlarımızın belə mötəbər hesabatda yer alması müsbət haldır. Mən bu hesabatı tərtib edənlərə təşəkkürümü bildirirəm”.
İradə SARIYEVA