Badamdar 20-ci sahə şossesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, Mərkəzin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsində aktivlik davam edir.
Sürüşmə kütləsinin həm cənub,həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib və bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər.
Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.
Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.