Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasında sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Trend”ə verilən məlumata görə, sürüşmə zonasında oktyabrın 16-sı saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.
Üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənir.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilir ki, Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib. Açıqlamaya görə, yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.
Məlumat üçün bildirək ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb.
Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Trend”ə verilən məlumata görə, sürüşmə zonasında monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb.