Badamdarda sürüşmə zonasının üst hissəsindəki evlərin hasarlarının birində uçqun töküntü prosesi qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.
Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissədə uçqun töküntü prosesi qeydə alınıb.
Baş nazirin müavini Hacıbala Abutalıbov deyib ki, Badamdar qəsəbəsində sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 evin sökülməsi vacibdir. Baş nazirin müavininin sözlərinə görə, ərazidə araşdırma aparmaq məqsədilə Bakıya gələn yaponiyalı mütəxəssislər bu qənaətə gəliblər: "Yapon mütəxəssislər əraziyə baxış keçirəndən sonra bu qənaətə gəlib. Çünki evlər sökülməlidir ki, ağırlıq müəyyən qədər azalsın. Həmin evlərin hamısı köçürülməlidir, amma indiki mərhələdə yox. Sürüşmədə gərginlik azalandan sonra həmin evlərin köçürülməsinə başlana bilər. İndiki vaxtda ora hər hansı bir müdaxilə qəbuledilməzdir. Biz gözləməliyik ki, gərginlik müəyyən qədər azalsın".
H.Abutalıbov bildirib ki, hazırda ərazidə gərginlik davam edir: "Sürüşmədə hərəkət var. Həmin 11 evin divarlarında 1 saat əvvəl çatlar əmələ gəlib. Yəni hər saat dəyişiklik var. Yapon mütəxəssislər məsləhət bilir ki, bu sahə mütləq geniş öyrənilməlidir. Yəni həmin sürüşmə baş verən 200 metrdən 500 metrə qədər ərazi geniş öyrəniləndən sonra hansısa bir nəticəyə gəlmək olar. Biz ilkin olaraq belə qənaətə gəldik ki, bütün quyuların suları mütləq analiz edilsin. Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, "Azərsu" ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq".