Hər bir qeyrətli vətən övladı kimi, Zaur Qubad oğlu Nurullayev də Azərbaycan torpaqlarının azadlığı uğrunda özünü Qarabağ savaşında görmək istəyirdi. Elə orta məktəb illərində peşəkar hərbçilik sevdası da bu amalla ürəyində yuva bağlamışdı.
1995-ci ildə Lənkəran rayonunun doğulub boya-başa çatdığı Şağlaser kəndində orta məktəbi bitirib H.Aslanov adına Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbinə daxil olmaqla niyyəti reallaşır. Dörd il oxuyub baş leytenant rütbəsini alır. Artıq canından çox sevdiyi vətənə oğulluq borcunu vermək məqamı gəlir və Zaur vətəninə məxsus torpaqları erməni faşizmi taunundan xilas etmək üçün birbaşa cəbhəyanı bölgəyə gedir.
Zaur xidmətə başladığı gündən özünü qaynar nöqtələrə atır. Hünərlə döyüşür, lap düşmənin belini qırır. Vətən məhəbbəti, erməni dığalarına nifrəti həmişə ona qələbə qazandırır. Yaxşı, bacarıqlı istehkamçı komandir kimi tanınır, sədaqəti, sonsuz qayğısı tabeliyində olan əsgərlərə döyüşdən-döyüşə qol-qanad verir. Hər döyüşdə də özü öndə gedir. Dostunu qəfil açılan güllədən qorumaqdan ötrü hər an canından keçməyə hazır olur. Onun komandirliyi altında keçirilən bir neçə döyüş əməliyyatı nəticəsində düşmənin xeyli hərbi texnikası, silah-sursatı və canlı qüvvəsi məhv edilir.
22iyun, 2003-cü il. Artıq igidliyi ilə tanınan, sevilən komandir Zaur yeni hərbi tapşırıq alır. Başlanğıc uğurlu görünür. Ona cəsarət verən adəti üzrə vətən sevgisidir. Amansız, qanlı döyüşlərdə qazandığı təcrübə də köməyinə gəlir. Tapşırığın da başa çatmasına lap az qalır. Zaur dığaların layiqli cavabını versə də, təəssüf ki, özünü qoruya bilmir. Minaya düşərək, 25 yaşında şəhidlik şərbətini içir. Beləliklə, şərəfli bir ömür yolu keçməklə adını Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk edir...
Yaşasaydı, bu gün 40 yaşı olacaqdı Zaurun. İndi cismən aramızda olmasa da vətən, millət onu özünə qürur yeri bilir. Bundan sonra da illər gəlib getdikcə Zaurun adı qəlblərdə yaşamaqla həyat yolu gələn nəsillərə əsl həyat məktəbi olacaq.
Vətənə bağlı olmaq, sevən ürəklə əbədi sevilən ömrə dönmək həqiqətən xoşbəxtlikdir və o xoşbəxtlərdən biridir Zaur...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü