Vahid Əhmədov: “Bakı və digər şəhərlərdə qanunsuz tikililərə yol verənlər çox sərt cəzalandırılacaq” Ramil Osmanlı: “Görüləcək işlər sayəsində nə magistral yolun kənarında, nə də digər əhəmiyyətli yerlərdə qanunsuz tikililərə…”
“Qanunsuz tikililərə son qoyulmalı, mövcud qaydaları pozanlar məsuliyyətə cəlb edilməlidir”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident qeyd edib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur.
Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək: “Bu sahədə ictimai nəzarət güclü olmalı, vətəndaşlar qanunsuz tikililərə rast gəldikləri halda ilk növbədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına məlumat verməlidirlər”
Ekspertlər də qanunsuz tikililərin sökülməsinin və bu işlə məşğul olanların qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılmasının tərəfdarıdırlar.
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, bələdiyyə və icra başçıları nəinki Bakıda, ümumiyyətlə, hər yerdə əvvəlcə qanunsuz tikililərə razılıq verir, sonra isə məsuliyyətdən yayınırlar: “Bakı və digər şəhərlərdə qanunsuz tikililərə yol verənlər çox sərt cəzalandırılacaq. Bələdiyyə və icra başçıları nəinki Bakıda, ümumiyyətlə, hər yerdə əvvəlcə qanunsuz tikililərə razılıq verir, sonra isə boyunlarından atırlar. Bütün bu problemləri nəzərə alan Prezident ölkədə tikintiyə nəzarəti məhz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verdi. Ölkə başçısının müvafiq tapşırığından sonra qanunsuz tikililər vasitəsilə qazanc əldə edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu tamamilə düzgün addımdır. Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdehliyindən də çox şey asılı olacaq. İnanıram ki, dövlət başçısının iclasda bu məsələ ilə bağlı sərt xəbərdarlığından sonra tikinti özbaşınalığına birdəfəlik son qoyulacaq”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd etdi ki, qanunsuz tikililər kifayət qədər aktual məsələdir: “Məlum problemin həll olunması istiqamətində zaman-zaman müəyyən işlər görülür. “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu sahədə görülən işlərdən biridir. Artıq yerli icra hakimiyyəti orqanları tikintiyə icazə verən zaman qərarları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdıracaq. Komitənin rəyi olmadan heç bir tikinti həyata keçirilməyəcək. Baş və müfəssəl plana uyğun həyata keçiriləcək tikililər tam qanuni sayılacaq. Artıq qanunsuz tikili məsələsi öz həllini tapmağa başlayıb. Nə magistral yolun kənarında, nə də digər əhəmiyyətli yerlərdə qanunsuz tikililərə rast gəlinməyəcək”.
Həmsöhbətimiz onu da vurğuladı ki, paytaxt və regionlarda on minlərlə qanunsuz tikili var: “Vaxtilə yerli icra hakimiyyəti orqanlarının verdiyi qərarlar nəticəsində dövlət təminatlı torpaqlar, bələdiyyələrin balansında olan torpaqların böyük əksəriyyətində qanunsuz tikinti işləri həyata keçirilib. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan qanunsuz istifadə ilə bağlı işlər görür. Bu qurumun əlində inzibati resurslar olmadığı üçün, prosesə birbaşa müdaxilə olunmur. Komitə qanunsuzluğu araşdırır. Bu yöndə aidiyyəti qurumlara məlumat verir. Məlumatın təsdiqlənməsi və bu yöndə addım atılması müəyyən zaman alır. Problemin həll olunması üçün bu sahəyə sərt nəzarət mexanizmi tətbiq olunmalıdır”.
Günel CƏLİLOVA