Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib. Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib.
Məktəbdən hadisə ilə bağlı Trend-ə bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib. Qazdan zəhərlənən 8 şagird Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Məktəbdən verilən məlumata görə, şagirdlərin valideynləri ilə təhsil müəssisəsində görüş keçirilib: "Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır".
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.