Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” özünün “AppLab” inkubasiya proqramının iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar təşkil edib.
“Gələcəyin texnologiyası: blokçeyn və blokçeyn startapının yaradılması” adlı seminarda yerli startapçılara blokçeyn texnologiyasının iş prinsipləri və onun müxtəlif layihələrə inteqrasiya edilməsi imkanları barədə geniş məlumat verilib.
“Blokçeyn texnologiyası yeni yarananda startapçılar bu yeniliyin hansı sahələrdə tətbiq oluna biləcəyini tam şəkildə başa düşmürdülər. Lakin bu gün blokçeyn üzərində qurulmuş startaplara daha tez-tez rast gəlinir. Biznes sahibi olan gənc startapçılar onun imkanlarını öyrənməlidirlər. Çünki bu texnologiya sayəsində xeyli gəlir əldə etmək mümkündür. Blokçeyn artıq gələcəyin əlçatan texnologiyasıdır və biz onu öyrənib real həyatda tətbiq etməyə bacarmalıyıq”, - deyə “AppLab” proqramının məzunu, müxtəlif uğurlu layihələrin müəllifi, WAVES platformasının səfiri və blokçeyn üzrə təlimçi Orxan Əhmədov bildirib.
“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq “Android” və “iOS” əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
İnnovasiya sahəsində lider olan “Bakcell” gənc nəslin nümayəndələrinə onların inkişafı və innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan şəraitin yaradılması və məsləhətlərlə dəstək göstərməyə həmişə hazırdır.