Redaksiyamıza Ağdam rayonunun Novruzlu kəndindən məcburi köçkün düşmüş və hazırda Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 3 ünvanında yerləşən Tədris İstehsalat Kombinatında müvəqqəti məskunlaşan Bayramov Semur Hümmət oğlundan məktub gəlib. Məcburi köçkün qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevadan üzləşdiyi problemin həlli üçün kömək istəyir.
S.Bayramov yazır: “Dövlətimizin mənə komminal xərclər üçün ayırdığı müavinətin ödənilməsinə əngəl törətmək məqsədilə kompyuter bazalarında mənim ünvanımı saxtalaşdırıblar. Yəni mənə verilən bildirişlərdə tanımadığım, yaşamadığım ünvanlar göstərilib. Bu saxtakarlığı nəzərə alaraq bir ilə yaxındır ki, kommunal xərclərimin ödənişini dayandırmağa məcbur olmuşam. Dövlətimizin mənə ayırdığı müavinətin ödənişinə imkan vermirlər. Hətta 2015-ci il tarixdən 2017-ci il tarixə kimi elektrik enerjisinə, suya, sanitar təmizliyə dövlətimiz tərəfindən hansı ünvanlar adından ödənişlər edilməsindən xəbərim yoxdur. Dəfələrlə xahiş etmişik ki, kompyuter bazalarında olan həmin çıxarışları (qanuni ünvanım olmaqla) mənə təqdim etsinlər. Lakin...”
Redaksiya əməkdaşımızın telefon əlaqəsi zamanı S.Bayramov bildirdi ki, dövlətin həmin məqsədlə ayırdığı müavinətdən istifadə etməyib və o bu günə kimi bankomatdadır. S.Bayramov hesab edir ki, ünvanının səhv göstərilməsi təsadüfi deyil, qərəzlidir və onu yeni mənzil almaqdan məhrum etmək istəyirlər.
Redaksiya olaraq ümid edirik ki, köçkün Bayramovun şikayət məktubu cari bir məsələ kimi müvafiq yerli orqanlar tərəfindən obyektiv araşdırılaraq lazımi tədbirlər görüləcək.
Xəbər xidməti