Fatimə Hacıbəyli: “Uşaq evlərində və məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması yetərli səviyyədə deyil”
Hesablama Palatasının kollegiyası dövlət büdcəsindən 1 aprel 2016-cı il tarixdən 1 aprel 2018-ci il tarixədək olan dövrdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.
Hesabatda bir sıra məsələlər əks olunub. O cümlədən, məktəbəqədər təhsil müəssisələri üzrə 1 uşaq gününə düşən ərzaq xərci fərqli olub, eləcə də uşaqların yaş həddi üzrə qidalanmasının təşkili Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi- texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə bəzi hallarda uyğun olmayıb.
Hesablama Palatasının kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, qərarda müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən, ərzaq məhsullarının alınması və silinməsi, həmçinin, uşaqların yaş həddinə uyğun qidalanmasının təşkili prosesində təsdiq edilmiş normalara əməl edilməsi, vəsaitlərin səmərəli istifadəsinin təmin olunması ilə bağlı tapşırıqlar verilib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat təqdim edilməsi məqsədilə qərarın surəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib.
Bağçalarda və uşaq evlərində uşaqların yaş həddinə uyğun qidalanmaması fikri ilə ekspertlər də razılaşdı.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, uşaq evlərində və məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması yetərli səviyyədə deyil: “Uşaqların qidalanması onların yaşına uyğun formada olmalıdır. Uşaqların yaş qrupuna görə qidalanması onların fizioloji tələbinə uyğun formada olmalıdır. Bağçalarda və uşaq evlərində uşaqlara qidalar eyni formada verilir. Hər bağçanın və ya uşaq evinin özünün fərdi menyusu olur. Zənnimcə, bağçalarda uşaqlara verilən meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Eyni zamanda, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır. Çünki qeyd etdiyim təamlar uşağın sağlam inkişafı üçün olduqca önəmlidir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bəzi bağçalarda və ya uşaq evlərində uşaqlara verilən qida böyük yaşlı uşaqlar üçün nəzərdə tutulur: “2-4 yaşında olan uşağa 3-5 yaşında olan uşağın qidası verilir. Bu isə uşağın sağlamlığına mənfi təsir göstərir”.
Günel CƏLİLOVA