Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin təşkilatçılığı ilə "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib.
Tədbirdə qeyd edilən idarələrin məsul əməkdaşları, məktəbin kollektivi, şagird və valideynlər iştirak edib. Şagirdlər qarşısında çıxış edən Baş İdarənin əməkdaşları bildiriblər ki, rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirmə tədbirləri mütəmadi olaraq keçirilir. Bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti haqqında dolğun məlumat vermək, onlara təhlükəsizlik davranış vərdişlərini aşılamaq və tədris prosesinin səmərəliyinin yüksədilməsinə Dövlət Yol Polisinin köməyini artırmaqdır.
Görüş zamanı tədbir iştirakçılarına yol hərəkəti qaydaları ətraflı izah olunub və yol mədəniyyətinin yüksədilməsi üzrə maarifləndirici söhbətlər aparılıb. Həmçinin şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının səbəb ola biləcəyi ağır nəticələrdən bəhs edən videoçarxlar da nümayiş etdirilib. Sonda şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib.