Fatimə Hacıbəyli: “Xanım məktəb direktorlarının sayının artması dövlətin təhsilə göstərdiyi diqqətlə bağlıdır”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb. 2017-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 33,8 faizdən 35,2 faizə qədər artıb. Ümumilikdə, əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,3 faiz çoxalıb.
Ümumi orta təhsil müəssisələrində direktorların 23,8 faizi qadın, 76,2 faizi kişi, tam orta təhsil müəssisələrində direktorların 35,2 faizi qadın, 64,8 faizi kişidir.
Orta məktəblərdə direktor müavinlərinin 38,4 faizi, tam orta təhsil müəssisələrində 55 faizi qadındır.
Qadın məktəb direktorlarının sayının ötən illərlə müqayisədə artması sevindiricidir. Bəllidir ki, əvvəllər bu sahədə gender bərabərliyi pozulurdu. Daha çox bəylər məktəb direktoru vəzifəsində çalışırdılar. Ancaq indi vəziyyət xanımların xeyrinə dəyişib.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, qadın ilk öncə anadır. Unutmaq lazım deyil ki, qadın böyük qüvvədir: “Əgər cəmiyyətin savadlı olmasını istəyirsənsə, orada qadınlar təhsilli olmalıdırlar. Direktorların da qadın olması bu məsələlərə daha önəm verərək qızların təhsilinə ciddi nəzarət etməsinə şərait yaradır. Qadınların məktəbə rəhbərlik etməsi çox məsuliyyətlidir və çox qürurvericidir. Məktəbdə uğur qazanmanın ən birinci amili kollektivdə sağlam aura yaratmaq, ədalətsiz, haqsız qərarların verilməməsidir”.
Həmsöhbətimizin sözlərinə görə, bu gün məktəb direktoru olmaq istəyənlər imtahan verməlidirlər. İşinə, savadına güvənən müəllim gələcəkdə direktor da ola bilər: “Həmin müəllimin bilik və qabiliyyəti həmin imtahan vasitəsilə üzə çıxır. Bunun üçün direktorların biliyinin imtahanla qiymətləndirilməsi təqdirəlayiqdir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi onu göstərdi ki, hər bir müəllimin biliyi bu imtahan nəticəsində üzə çıxır və kimin hansı biliyə malik olması bu imtahan vasitəsilə aşkar olunur. Belə imtahanların keçirilməsi müəllim üçün əlverişlidir ki, o, imtahanda özünün hansı biliyə malik olduğunu bu imtahan vasitəsilə öyrənmiş olur. Eyni zamanda, məktəb rəhbəri olmaq üçün öncə öz vəzifə səlahiyyətlərini dərindən mənimsəməyi bacarmalıdır”.
F.Hacıbəyli qeyd etdi ki, Bakıda və digər böyük şəhərlərdə məktəb direktoru əsasən qadınlardır. Kəndlərdə isə əsas üstünlüyə kişilər malikdirlər: “Təəssüf ki, qadınlarımızın böyük hissəsi çalışmaq üçün ucqar ərazilərə məlum səbəblərdən gedə bilmirlər”.
Birlik sədri hesab edir ki, xanım məktəb direktorlarının sayının artması dövlətin təhsilə göstərdiyi diqqətlə bağlıdır: “Qadın rəhbərlərin sayının artması bu sahədə artıq gender bərabərliyinin pozulmamasından xəbər verir”.
Günel CƏLİLOVA