Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb liseyində hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirib. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin şagird və məktəb liseyin pedaqoji heyəti iştirak edib.
Çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Saleh Eyyubov bildirib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır. Şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçirlərinin əhəmiyyətindən danışan polis kapitanı, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan S.Eyyubov onlara yol ayrıclarında piyada keçidlərindən istifadə etməyi tövsiyə edib.
Daha sonra şagirdlərə yol hərəkəti qaydaları barədə məlumatlandırıcı videosujet nümayiş etdirilib. Şagirdlər videosujetə diqqətlə baxaraq yol hərəkəti qaydaları haqda biliklərini daha da təkmilləşdiriblər.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub. Təhsil müəssisəsinin qarşısında yerləşən yolda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyələr verilib.
Nizam HƏMİDOV polis leytenantı