Səadət Bənanyarlı: “Regionlarda yüksək səviyyədə hüquqi xidmətin göstərilməməsi səbəblərindən biri vəkillərin sayının az olmasıdır”
“Regionlarda yüksək səviyyədə hüquq xidmətlərinin verilməsi üçün lazımi infrastruktur yoxdur”. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında memorandumun imzalanması mərasimində deyib.
O qeyd edib ki, regionlarda hüquq xidmətlərinin təmin edilməsində problem var: “Bakıdan fərqli olaraq, regionlarda yüksək səviyyədə hüquq xidmətlərinin verilməsi üçün lazımi infrastruktur yoxdur. Biz çalışırıq ki, bu istiqamətdə işlər görək. İnfrastruktur problemi Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı deyil”.
Regionlarda yüksək hüquqi xidmətin göstərilməməsi səbəbini aydınlaşdırmaq üçün mütəxəssislərə müraciət etdik.
Hüquq müdafiəçisi Səadət Bənanyarlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, regionlarda hüquqi yardım sahəsində problem yüksək səviyyədə deyil: “Bölgələrdə hüquqi xidmətin göstərilməsi ilə bağlı lazımi şərait yaradılıb. İlk olaraq məhkuma hüquqi yardımı onun vəkili göstərir. Ancaq elə məhkum var ki, onun vəkili yoxdur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, regionlarda yüksək səviyyədə hüquqi xidmətin göstərilməməsi səbəblərindən biri vəkillərin sayının az olmasıdır. Keyfiyyətli hüquqi xidmətlərin göstərilməsində əsas əngəllərdən biri vəkil sayının az olmasıdır: “Eyni zamanda, bölgələrdə lazımi infrastrukturun olmaması da vəkillərin işinə təsir göstərir. Onların çalışması üçün xüsusi məkan olmalıdır. Vəkillərin özləri icarəyə ofis götürürlər. Onların çalışması üçün xüsusi şərait yaradılmalıdır. Həmçinin, vəkillərin aldıqları qonorarın məbləğinin az olması da bu sahəyə öz təsirini göstərir”.
Günel CƏLİLOVA