Telman Zeynalov: “Yaşıllıqların qorunması üçün cərimə məbləğini bir neçə dəfə artırmaq lazımdır”
Azərbaycanda ekologiya polisinin yaradılması təklif olunur. Belə bir təklifli deputat Elmira Axundova Milli Məclisin ötən iclasında irəli sürüb. E.Axundova qeyd edib ki, ekologiya polisi Daxili İşlər Nazirliyinin və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərə bilər.
Millət vəkili bildirib ki, bu qurum ekologiya və ətraf mühitin monitorinqini və mühafizəsini təşkil etməli, eyni zamanda, ətraf mühitin çirklənməsini və digər bu kimi əməlləri vaxtında aşkar edərək profilaktik tədbirlər görməlidir: “Əgər bu məsələ həllini tapmasa, “Yaşıllıqların mühafizəsi haqqında” Qanun, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər kağız üzərində qalacaq. Ölkəmizdə torpaqlardakı yaşıllıqların uçot və monitorinqi bu günə kimi zəif aparılırdı və bu da profilaktik işin olmaması ucbatından müxtəlif fəsadlara gətirib çıxarırdı.
Ekspertlər ekologiya polisinin yaradılmasının zəruri olmadığını düşünürlər.
Ekoloq Telman Zeynalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yaşıllıqların qorunması üçün ekoloji polisin yaradılmasına ehtiyac yoxdur: “Xatırladım ki, 1994-cü ildə ekoloji polis yaradıldı. O zaman da bu, yaşıllıqların qorunması sahəsində heç bir effekt vermədi. Yaşıllıqların qorunması üçün cərimə məbləğini daha da qaldırmaq lazımdır. Bir ağacın böyüməsi üçün insan nə qədər zəhmət çəkir. Ağacın inkişafı üçün ona bağban tutulur, su, vitamin verilir və digər işlər görülür. Bir ağac qanunsuz şəkildə kəsilərsə, onun cəriməsi ən azı 8000-10000 arasında dəyişməlidir. Bax, o zaman yaşıllıqlar məhv olunmaz. Cərimənin məbləği nə qədər yüksək olarsa, o zaman qanunsuzluqlar da azalar. Bu sahədə istənilən nəticəyə nail olmaq üçün mütləq cərimə məbləği dəfələrlə artırılmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, polis ictimai asayişi qoruyur, yaşıllığı qorumaq isə vətəndaş cəmiyyətləri və aidiyyəti qurumların nümayəndələri tərəfindən həyata keçirilməlidir.
Günel CƏLİLOVA