Azərbaycanda yas və toy mərasimlərinin tənzimlənməsi ilə bağlı ayrıca qanunun qəbul edilməsinə ehtiyac var. “Trend”in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bazar ertəsi keçirilən plenar iclasında çıxışı zamanı deyib.
S.Novruzov bildirib ki, bu məsələ ilə bağlı ziyalılar da, deputatlar da çıxış edib:
“Mərasimlərdən vəsait əldə edən insanlar bunun qarşısını almaq üçün müxtəlif bəhanələr gətirirlər, nəticədə bu proses davam edir. Hesab edirəm ki, bu sahə ilə bağlı qanun qəbul edilməlidir”.
"Hesab edirəm ki, Azərbaycanda bələdiyyə üzvlərinin sayının azaldılmasına ehtiyac var". Bunu da Milli Məclisin plenar iclasında Siyavuş Novruzov deyib.
O, 2019-cu ildə bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb:
“Bələdiyyə ilə bağlı kifayət qədər qanun var. Hesab edirəm ki, bu qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Bu onların fəaliyyəti, səlahiyyəti ilə bağlı deyil, orada say baxımından prosedur qaydasının təkmilləşdirilməsi bağlı olmalıdır. Hazırda bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var”.