Bu gün təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov Trend-ə deyib ki, avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.
P.Əbubəkirovun sözlərinə görə, xəsarət alanların 7-si qadın, 10-u kişi, 3-ü uşaq olub. Xəsarət alan uşaqlardan biri xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var. Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 13 yaşlı oğlandır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib ki, Binə qəsəbəsi ərazisində qatarın sərnişin avtobusu ilə toqquşmasında qatar maşinistinin heç bir günahı olmayıb.
Onun sözlərinə görə, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır".
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib ki, qəza nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb, 1 nəfər ölüb.
S.Qədirovanın sözlərinə görə, xəsarət alanların 2-si Elmi Tədqiqat Travmatologiya İnstitutuna, 3-ü Kliniki Tibbi Mərkəzə, 28 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan 12-13 yaşlı uşaq isə xəstəxanaya gedərkən dünyasını dəyişib: "Yaralıların vəziyyəti barədə dəqiq informasiya olmasa da, ağır hesab edilir".
O bildirib ki, qəzanın baş verməsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin heç bir günahı olmayıb: "Şlaqbaum hər iki istiqamətdə bağlı olub. Orada sürət həddi hətta saatda 40 kilometr olduğu halda, maşinist qatarı 30 km/saatla sürüb. Sadəcə, avtobus sürücüsü qaydalara əməl etməyərək qatarın önünə çıxıb".
Saxlanılan avtobusun sürücüsü 03.05.1983-cü il təvəllüdlü Elxan Əlibaba oğlu Şirəliyev olub. O, sağ qolun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.