Eyyub Hüseynov: “Şadlıq evləri və restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması tələbinə məhəl qoymayan iaşə obyektləri cəzalandırılmalıdır”
Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanunamüvafiq tədbirlər görülməsinə başlanıb.
Bu barədə bir neçə gün öncə ETSN-də keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Faiq Mütəllimov deyib.
O qeyd edib ki, “Kleopatra”, “Qızıltac”, “Karvan”, “Yeddi gözəl”, “Nazlı saray”, “Oskar”, “Şəlalə”, “Xəmsə” “Neon”, “Ağ çiçəyim” “Praqa”, “Milord”, “Real”, “Turan”, “Təbrik” və digər şadlıq sarayları barəsində qanuna müvafiq tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir: "Manqal”, “Tərxun”, “Viana”, “Fəridə”, “Pak dad”, “Hollywood”, “Versal palace”, “Xudafərin”, “Mona Liza”, “Abqora”, “Opera”, “Golden Ring”, “Qızıl Buta”, “Ümid” ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğular quraşdırılıb, 133 şadlıq sarayı və ictimai iaşə obyektləri isə müasir qurğuların quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb".
Qanuna əməl etməyən restoran və şadlıq evləri barəsində isə müvafiq tədbirlər görüləcək.
Paytaxt ərazisində fəaliyyət göstərən restoran və şadlıq evlərindən havaya buraxılan tüstü probleminin qarşısını necə almağın yollarını öyrənmək məqsədilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. Ekspert “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, problemin həll olunması üçün əsas olan iaşə obyektlərindən istifadə edən şəxsin bu barədə məlumatlı olmasıdır: “Effetkli istehlakçı siyasəti formalaşsaydı, istehlakçılar o cür şadlıq evlərini boykot edərdilər. Belə olsa, şadlıq evi 1 sutka ərzində restorana xüsusi qurğunu yerləşdirərdi. Məlumdur ki, şadlıq evləri gəlirli biznes sahəsidir. İaşə obyekləti yeganə gəlirli sahədir ki, bir neçə saat sonra qoyduğu mala görə pul alır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi filtr quraşdırılmayan şadlıq evlərinin siyahısını dərc etməlidir. İstehlakçılar isə belə qurğusu olmayan restorana müraciət etməməlidir. İctimai nəzarət mühumdur. Əhali bu sahədə aktiv olmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, şadlıq evləri və restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması tələbinə məhəl qoymayan iaşə obyektləri cəzalandırılmalıdır. Onlar üçün ən böyük cəza isə istehlakçı tərəfindən boykot olunmaqdır. Belə olan təqdirdə restoranlar xüsusi təmizləyici qurğunu quraşdıracaqlar.
Cəmilə QARAYEVA