Məhərrəm Zülfüqarlı: “Nəticədə həmin ərazilərdə sosial infrastrukturun inkişaf səviyyəsi daha da yüksələcək”
Xəbər verildiyi kimi, Heydər Əliyev Fondu və “BP Azərbaycan” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində iştirak edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Counz bir sıra məsələlərə toxunublar. Keçirilən görüşdə Azərbaycanda reallaşdırılacaq layihələr, o cümlədən sosial, mədəniyyət, idman, təhsil, elm və texnika, ekologiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, əməkdaşlıq memorandumu Bakı-Tiflis-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisində əhatə etdiyi bölgələr üzrə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə maraq doğuran layihələrin icrasını nəzərdə tutur. Bu layihələr müxtəlif infrastrukturun, o cümlədən məktəb binalarının tikintisi və bərpası, mədəni-tarixi irsin bərpası və qorunması, kiçik və orta sahibkarlığın inkişafına dəstək xarakteri daşıyacaq. Eyni zamanda, ekologiya, idman, sosial və təhsil sahələrində, həmçinin, regionlarda gənclər arasında müxtəlif peşə sənətinin və startapların inkişafı, uşaq və yeniyetmələrin maarifləndirilməsi, valideyn himayəsindən məhrum olan uşaqlar üzrə birgə layihələr icra olunacaq.
Bir sözlə, tərəflərin birgə həyata keçirəcəyi sosial infrastruktur layihələrinin əhəmiyyətini, bununla bağlı işlərin görülməsini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu yöndə birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir: “Ümumilikdə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr hər zaman müsbət qarşılanıb. Fond yarandığı vaxtdan böyük işlər həyata keçirir və bütün bunlar ölkə əhalisinin xeyrinədir. Fondun Qərb şirkətləri ilə əməkdaşlığı da Azərbaycanın xeyrinədir. Xüsusən də Azərbaycanda iş aparan “BP” kimi böyük şirkətlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu, ölkəyə böyük fayda verəcək. Gələcəkdə bu əməkdaşlığın böyük müsbət nəticələri olacaq. Ona görə də tərəflər arasında imzalanan əməkdaşlıq memorandumunu alqışlayıram. Nəzərə almaq lazımdır ki, Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də ölkə xaricində böyük işlər görür. Mədəni, təhsil və digər sahələrdə böyük işlər görülür. Bu işlərin Bakı-Tiflis-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan hissəsindən keçən yerlərdə görülməsi təqdirəlayiqdir. Nəticədə həmin ərazilərdə sosial infrastrukturun inkişaf səviyyəsi daha da yüksələcək. Yeni-yeni məktəblər və digər sosial obyektlər salınacaq və əhali bundan faydalanacaq. Bununla bağlı işləri daha da genişləndirmək üçün “BP” kimi reytinqli şirkətlə əməkdaşlıq əlbəttə ki, ümumi işin xeyrinədir. Bu imkan verəcək ki, çoxsaylı sosial infrastruktur layihələri həyata keçirilsin. Nəticədə Azərbaycan xalqı görülən bu işlərdən faydalanacaq”.
Vidadi ORDAHALLI