Bu gün cəmiyyətimizdə polis veteranlarının təcrübəsinə, onların yardımına böyük ehtiyac var. Məktəblərdə, əmək kollektivlərində paytaxtda və yerlərdə narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirilən tədbirlərdə veteranların hüquqi maarifləndirmə sahəsindəki fəaliyyəti qazanılan nailiyyətlərin davamlı olmasına zəmin yaradır.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirilib.
Rayonun Lej kənd məscidində təşkil olunan görüşdə ŞRPŞ-nin Veteranlar Şurasının sədri Bəxtiyar Vəliyev, şöbənin əməkdaşları, həmçinin rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və rayon ağsaqqalları iştirak ediblər.
Veteranlar Şurasının sədri B.Vəliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, din xadimləri cəmiyyətdə milli-mənəvi dəyərlərimizin qorunması,dini biliklərin təbliği, insanlarda mənəviyyatın saflaşması üçün fəaliyyət göstərir. Bununla da onlar ölkəmizdəki tolerantlıq şəraitinə öz töhfələrini verir, minilliklər boyu cəmiyyətimizdə multikultural dəyərlərin qorunub saxlanmasına kömək etmiş olurlar.
Tədbirdə, həmçinin, narkomaniyanın doğurduğu problemlərdən və yaratdığı fəsadlardan geniş bəhs edilib. Bu təhlükəli bəlaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı