Azər Allahverənov: “Əhalinin sosial rifahının yüksəlməsi, yoxsulluq dərəcəsinin aşağı enməsi, maliyyə bazarında sabitliyin təmin olunması bilavasitə insanların həyat səviyyəsinə təsir göstərir”
BMT-nin İnkişaf proqramında həyatın gözlənilən davamlığı, əhalinin savad və həyat səviyyəsi əsasında hesabat hazırlanıb. Hesabatda Azərbaycan insan inkişafının yüksək səviyyəsi olan ölkələr sırasında yer alıb.
Bu göstərici həyatın gözlənilən davamlığı, əhalinin savad və həyat səviyyəsi əsasında hesablanır. Reytinqdə ilk mövqeləri müvafiq olaraq Norveç, İsveçrə və Avstraliya tutub.
Məlumat üçün bildirək ki, ümumilikdə siyahıya 189 ölkə daxil edilib. İlk “onluq”da, həmçinin, Almaniya, İrlandiya, İslandiya, Honkonq, İsveç, Niderland və Sinqapur da yer alıb. ABŞ reytinqin 13-cü pilləsində qərarlaşıb. Siyahıda, həmçinin, Azərbaycanın da adı qeyd olunub.
İnsan inkişafı indeksi hər il hesablanan və ölkələrdə həyatın keyfiyyətinin dəyərləndirilməsi üçün istifadə edilən göstəricidir. Bu hesablama zamanı ekspertlər üç amili nəzərə alır: həyatın gözlənilən davamlığı, əhalinin savad və həyat səviyyəsi.
İnsan inkişafının yüksək səviyyəsi olan ölkələr sırasında Azərbaycanın adının qeyd olunması barədə fikir bildirən ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, BMT-nin tərtib etdiyi siyahıda insanların həyat səviyyəsinin müəyyən olunması bir çox parametri özündə ehtiva edir: “Əsasən insan həyatı üçün önəmli olan sahələrin vəziyyəti nəzərə alınıb. Sosial və iqtisadi sektorda əldə olunan nəticələr çox ciddi nailiyyətlərin əldə olunmasına səbəb olur. Həmin nailiyyətlər BMT-nin insan inkişafı indeksi üzrə yekun siyahının formalaşmasına təsir edib”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın insan inkişafının yüksək səviyyədə olduğu ölkələr arasında yer alması sevindiricidir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan ildən-ilə inkişaf edən ölkələr sırasındadır. Ölkəmizin inkişafı tək BMT-nin hesabatlarında deyil, eyni zamanda ümumdünya miqyasında tərtib edilən siyahılarda öz əksini tapır. Azərbaycanın beynəlxalq reytinq sorğularında inkiaf edən ölkələr arasında qeyd olunması sevindirici olsa da, biz bununla kifayətlənməməliyik”.
A.Allahverənov bildirdi ki, əhalinin sosial rifahının yüksəlməsi, yoxsulluq dərəcəsinin aşağı enməsi, maliyyə bazarında sabitliyin təmin olunması bilavasitə insanların həyat səviyyəsinə təsir göstərir.
Günel CƏLİLOVA