Məscidlərə qadın mollalar da təyin ediləcək. “Trend”in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Rəhimə Dadaşova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar yüksək dini biliklərə sahib olmalıdır: "Məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsillli olması, təkmilləşməsi də diqqətdə olan məsələlərdəndir".
R.Dadaşova əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirir: "Bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib".
İdarə nümayəndəsi onu da bildirib ki, erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz: "Çox zaman erkən nikahı məhz mollalara bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz".
Onun sözlərinə görə, hələ 2001-ci ildə idarə fətva vermişdi ki, heç bir din xadimi rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Dini kəbin kəsilərkən rəsmi nikahın qeydiyyat nömrəsi qeyd edilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova isə deyib ki, Azərbaycanda ziyalı, İslam dinini gözəl bilən, savadlı qadın mollalara ehtiyac var. Onun sözlərinə görə, din işçisi yalnız kişilər olmalı deyil: "Təhsilli, İslamı bilən qadın mollalara ehtiyac var. Onlar məscidlərə rəsmi təyinat da ala bilərlər. Türkiyədə belə kadrlar var. Ümid edirəm ki, bizim də belə kadrlarımız olacaq".
E.Kərimova bildirib ki, bu gün Azərbaycanda qadın mollaların çoxu yas mərasimlərinə dəvət edildikdə yalnız xürafatı yayır: "Biz görürük ki, yas mərasimlərini heç bir dini təhsili, din barədə ətraflı məlumatı olmayan qadınlar aparır. Onlar hansısa ayini, mərsiyəni əzbərləyir, yaxşı ağlaşma qururlar. Belə qadınlar məclislərə dəvət edildikdə orada yalnız xürafat yayırlar. İnsanlar heç bir şəkildə maariflənmir".
E.Kərimova qeyd edib ki, yas mərasimlərində "Qurani-Kərim" oxuna bilər, islamın əsasları və dəyərləri təbliğ edilə bilər. E.Kərimova onu da deyib ki, İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur. Elnarə Kərimova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı bildirib ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində dərin iz buraxıb, islam dəyərləri hər zaman uca tutulub: "Ölkəmizdə islamla bağlı bir sıra dini mərasimlər də keçirilir. Dini mərasimlər dinimizi, tariximizi, həyat tərzimizi əks etdirməlidir. Lakin bizim yas mərasimləri dəyişdirilib. İslamda israfçılıq böyük günahdır. Lakin bu gün görürük ki, ehsan xütbələri adı altında yeyib-icmək süfrələri təşkil edilir. Əslində bunlar ölü yiyəsi üçün böyük əziyyətdir, zülmdür. İslamda saç yolmaq yoxdur. İslamda yas zamanı qara libas geyinmək belə yoxdur. Bunlar daha çox xristianlıqdan İslama keçib".
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyib ki, qadın mollaların 80-90 faizi məclislərdə cahillik aşılayır: "Qadın mollalarla bağlı saf-cürük aparılmalıdır. Buna "Azərbaycan xalqının dəyəridir, olmaz" deyə etiraz edə bilərlər. Amma bunlar Azərbaycan xalqının dəyərləri deyil".