Seyid Camal Əzimbəyli: “Təbii ki, ... öz müsbət effektini verir”
Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.
Fətvada qeyd olunur ki, Məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əminamanlıq ayı kimi qəbul edilib, fəqət, hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb: “İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur”.
Müşahidələrə görə, bu gün Azərbaycanda müsəlmanların məhərrəmlik mərasimlərinin forma və məzmununa xaricdən təsir göstərmək, bu prosesi təsir altına salmaq tam mümkünsüz bir vəziyyətə gətirilib. Xarici təsir altında olan hansısa qruplar məhərrəmlik mərasimlərində təxribat törədə bilmirlər. Cahil xarakterli təbliğat vasitələri ilə mərasim iştirakçılarını təsir altına sala bilmirlər. Halbuki, əvvəllər həmin qüvvələr müəyyən boşluqlardan istifadə edərək bəzi hallarda buna nail olurdular. Ancaq indi bu mümkün deyil. Ümumilikdə, Azərbaycan bu böyük uğura necə nail oldu?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu, Azərbaycan dövlətinin uğurlu din siyasəti ilə əlaqədardır: “Əvvəla müəllifi olduğum “İnam” verilişinin apardığı monitorinqə görə, ölkədə xeyli zamandır dini xurafata söykənən cahil əməllərin azaldığı müşahidə olunur. Belə halların sayı əhəmiyyətli dərəcədə azalıb. Bütün bunlar da səbəbsiz deyil. Məsələ ondadır ki, Azərbaycan dini mühitində, dini sahədə aparılan maarifləndirici tədbirlər öz müsbət effektini verir. Azərbaycanda xurafata, cahilliyə dayanan çoxlu sayda əməl sahibinin artıq zərərsizləşdirildiyini biz görürük. Azərbaycan xalqı və dövləti əsrlərdir sevgili Həzrət Peyğəmbərimizə (s) hər zaman məhəbbətini izhar edib. Bunu əməli fəaliyyətdə Azərbaycan dövləti dəfələrlə sübut edib. Dövlət tərəfindən Əhli-Beyt mənsublarının uyuduğu Gəncə imamzadə kompleksi, Bərdə imamzadə kompleksi, Hacı Cavad məscidi yenidən qurulub. Bu, Azərbaycan dövlətinin özünün birbaşa sevgili Peyğəmbərimizə (s) və onun Əhli-Beytinə olan sevgisinin təzahürüdür. Ancaq çox təəssüflər olsun ki, Məhərrəm ayı gəldikdə qrup halında bir neçə nəfərdən ibarət olsa da, bölücülüyə cəhd edənlər olurdu. Müəyyən zərərli çağırışlar edirdilər. Şükürlər olsun ki, bütün bunlar aradan qaldırılıb. Bütün bunlar Azərbaycan dövlətinin uğurlu din siyasətinin bariz nümunəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin uğurla apardığı təbliğat-maarifləndirmə işinin nəticəsidir. DQİDK QMİ ilə bərabər sistemli şəkildə bu işi həyata keçirir. Bir gündə bəzən 10 yerdə maarifləndirmə işi görülür. Təbii ki, bütün bunların effekti olmalı idi. Sevindirici haldır ki, DQİDK bunları QMİ ilə bərabər həyata keçirir. Çağırış edirəm ki, məhərrəmlik günlərində şəhid məzarları ziyarət olunsun”.
Vidadi ORDAHALLI