Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində ziyan dəyən ev və obyektlərin sayı arta bilər. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Trend-ə açıqlamasında bildirib ki, rayon ərazisində 40-a yaxın evdə çatlar əmələ gəlib.
Onun sözlərinə görə, çox təhlükə yaradan çatlar aşkarlanmasa da, evlərə ziyan dəyib: "Hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdəki icra nümayəndəlikləri ilə birlikdə araşdırmaları davam etdirir. Çatlar yaranan evlərin sayı arta bilər. Çünki hələ müraciətlər daxil olmaqdadır".
H.Məlikov bildirib ki, hadisə ilə bağlı Prezident Administrasiyası və digər aidiyyəti qurumlara məlumat verilib.
Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev isə Trend-ə bildirib ki, hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdə araşdırmaları davam etdirdiyindən zəlzələ nəticəsində ziyan çəkən ev və obyektlərin sayı dəqiqləşdirilməyib: "Yerlərdən müraciətlər daxil olmaqdadır. Bütün müraciətlər komissiya tərəfindən araşdırılır. Araşdırmalar başa çatandan sonra zəlzələdən ziyan çəkən evlərin sayı barədə məlumat veriləcək".
“Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lənkəranda 80-ə yaxın evdə çatlar əmələ gəlib”. Bu barədə isə açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev deyib.
M.Babayev bildirib ki, məsələ ilə bağlı komissiyanın iclası keçirilib: "Artıq bu saatlara qədər vətəndaşlardan 80-ə yaxın müraciət daxil olub. Komissiya üzvləri müraciətlər əsasında evlərin hamısına baxış keçirib və evlərdəki çatların dərəcəsini müəyyən ediblər. Hazırda yerlərdən müraciətlər daxil olmaqdadır. Məsələ ilə bağlı akt tərtib olunub və aidiyyəti qurumlara göndərilib".
Komissiya sədri bildirib ki, zəlzələ nəticəsində kəndlərlə yanaşı, Lənkəran şəhərinin ətraf hissələrində bir neçə evdə də çatlar yaranıb: "Əsasən Rvo, Şovu, Əşlə kəndlərində, İstisu qəsəbəsində və şəhərin bəzi yerlərindəki evlərdə çatlar yaranıb".
Dünən həmçinin yerli vaxtla saat 16:57:14-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.