Məlahət Mürşüdlü: “Beləliklə, şagirdlərin həm dünyagörüşü, həm də Azərbaycanın tarixi məkanlarına marağı artacaq”
Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar. Parkda görülən işlərlə tanış olandan sonra Prezidentə məlumat verilib ki, Təhsil Nazirliyi ilə əldə olunan razılığa əsasən sentyabrdan başlayaraq hər həftəsonu məktəblilər üçün Safari Parka turlar təşkil ediləcək.
Məlumat üçün bildirək ki, ərazini gəzmək məktəblilər üçün ödənişsiz olacaq. Beləliklə, məktəblilər parkda vəhşi heyvanları seyr edə biləcək, eyni zamanda, ətraflı məlumat əldə edə biləcəklər.
Dərs ilinin əvvəlindən etibarən hər həftəsonu məktəblilərin Şamaxı Safari Parkına gedişi üçün pulsuz turların təşkil olunması sayəsində uşaqlar Azərbaycanın ekoloji parkı ilə tanış olacaq və ölkənin tarixi əhəmiyyətli məkanlarını əyani görəcəklər. Bu səfərlər sayəsində məktəblilər Azərbaycanın təbiəti, flora və faunasını canlı müşahidə edə biləcəklər. Eyni zamanda, bu qərar şagirdlərin dünyagörüşünə də müsbət təsir göstərəcək.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Safari Parkına və digər tarixi məkanlara şagirdlərin pulsuz aparılması onların Azərbaycan tarixi və təbiəti haqqında məlumat əldə etməsində motivasiya rolunu oynayacaq: “Bu qərar tək şagird və müəllim heyətinin deyil, eyni zamanda, valideynlərin də xoşuna gələcək. Elə ailələr var ki, onlar övladlarını hər hansı bir ekoloji qoruğa apara bilmirlər. Bu qərar sayəsində o tip ailələrin övladları da ekoloji qoruqlarda olacaqlar”.
Həmsöhbətimiz hesab edir ki, açıq havada olan muzeylərə məktəblilərin ekskursiyası onlar üçün daha maraqlı olacaq: “Şagirdlər canlı şəkildə qoruqda saxlanan heyvanları görə biləcəklər. Beləliklə, şagirdlərin həm dünyagörüşü, həm də Azərbaycanın tarixi məkanlarına marağı artacaq”.
Ekspert hesab edir ki, tək Şamaxı Safari Parkına deyil, eyni zamanda, ölkənin istənilən muzeyinə, tarixi məkanlarına məktəblilər üçün pulsuz turlar təşkil olunmalıdır: “Belə olarsa, məktəblilər Azərbaycan tarixi haqqında daha dolğun məlumat əldə etmiş olarlar”.
Günel CƏLİLOVA