Vaqif Əsədov: “İlin əvvəlindən bu günə kimi təhlükəsizliyin təmin olunması ilə bağlı 410 mindən artıq protokol yazılıb, bunun 42 mindən artığı piyadaların cərimələnməsi ilə bağlıdır”
Azərbaycanda yol hərəkəti qaydalarının icrasının təmin edilməsi istiqamətində görülən işlər çərçivəsində sürücülərlə yanaşı, piyadalar da qanuna müvafiq qaydada cəzalandırılır. Qanunvericiliyə əsasən, piyadalar yolun hərəkət hissəsini, dəmir yolu keçidini müəyyən olunmayan yerdən keçdikdə müvafiq məbləğdə cərimə olunurlar. Yol verilən inzibati xətaya görə tətbiq edilən inzibati cəza haqqında protokol isə adətən ərazi polis idarələrinin polis serjantları tərəfindən tərtib edilir.
Piyadalar üçün nəzərdə tutulmayan ərazidən keçən şəxslər cərimələnirlər. Açıqlanan statistik rəqəmlərə əsasən, ötən həftə Bakı şəhərində təyin olunmayan yerlərdən yolu keçən 219 piyada aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunur ki, Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib: “Piyadaların avtomobillərlə vurulması yol-nəqliyyat hadisələrində çoxluq təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Bunun qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi əməkdaşlarının sayı artırılıb və nəzarət gücləndirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, piyadaların həm hərəkəti, həm də onların avtomobillər tərəfindən vurulması diqqət mərkəzindədir. Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələrində piyadaların avtomobil tərəfindən vurulması ümumi hadisələrin 62 faizini təşkil edir. Bu da narahatedici məqamdır: “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir. Bu maddənin tələbi pozulursa, o zaman yol polisləri tərəfindən piyadalar saxlanır və qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə məsuliyyətə cəlb olunurlar”.
V.Əsədovun sözlərinə görə, ilin əvvəlindən bu günə kimi yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb: “Bu keçidlər və onun ətrafı ərazilərində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən reydlər aparılır. Həmin ərazidə qayda pozan piyadalara qarşı müəyyən tədbirlər həyata keçirilib. Polis tərəfindən təbliğat xarakterli və digər təşkilatı işlər həyata keçirilir. Bu, piyadalar tərəfindən məsuliyyətin yüksəldilməsi, təhlükəsizliyin təmin olunmasında çox mühum rol oynayır. Etiraf edilməlidir ki, piyadalar belə, yol hərəkəti haqqında qanunun tələbini öyrənməli və onu düzgün yerinə yetirməlidirlər ki, öz təhlükəsizliklərini təmin edə bilsinlər”.
Həmsöhbətimiz qeyd etdi ki, ilin əvvəlindən bu günə kimi təhlükəsizliyin təmin olunması ilə bağlı 410 mindən artıq protokol yazılıb. Bunun 42 mindən artığı piyadaların cərimələnməsi ilə bağlıdır: “Bu sahədə aparılan işlər sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur. Artıq piyadalar yol hərəkəti qaydalarına riayət edir, nizam-intizama əməl edir, öz təhlükəsizliklərinə önəm verirlər”.
V.Əsədov onu da vurğuladı ki, piyadaların vurulması əsasən piyada keçidi yaxınlığında baş verir. Bu səbəbdən piyada keçidləri müvafiq şəxslər tərəfindən nəzarətə götürülür: “40 min protokol yazılıb. 40 mindən artıq isə təbliğat işi həyata keçirilib. Hər saxlanan piyadaya protokol yazılsa, o zaman qeyd olunan rəqəm daha artıq olar. Piyadalara o yolun onlar üçün hansı təhlükələrə səbəb olacağı izah olunur”.
Günel CƏLİLOVA