Kamran Əsədov: “… həmin ərzağın böyük əksəriyyəti mənimsənilir”
Uşaq bağçalarında əsassız olaraq artıq qruplar yaradılır, uşaqların ərzaqla təchizatı isə çox aşağı səviyyədədir. Bu fakt Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilib.
Habelə uşaq bağçalarında uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda isə binaların tam yararsız vəziyyətdə olmasına baxmayaraq, həmin binalarda uşaq bağçalarının fəaliyyətinin sənədləşdirildiyi, uşaqların ərzaqla təchizatının qənaətbəxş olmadığı, bəzi hallarda uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bir hissəsinin faktiki olaraq alınmadığı və onlara verilmədiyi kimi nöqsanlar üzə çıxarılıb.
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün Azərbaycanda 1640 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 320-si Bakı şəhərindədir. Uşaq bağçalarında təxminən 124 minə yaxın uşaq var. 124 min uşağa 15 min müəllim tərbiyə verir: “Təəssüf hissilə qeyd edim ki, bu sahəyə dövlət tərəfindən yüksək məbləğdə vəsait ayrılmasına baxmayaraq, ciddi şəkildə yeyinti halları mövcuddur. İlk olaraq bildirim ki, dövlət bağçalarında uşaqların qəbulu vaxtı bağça rəhbərliyi tərəfindən qanunsuz tələblər irəli sürülür. Valideyn övladının bağçaya qəbul olunması üçün müracət edən zaman ona boş yerin olmadığı cavabı verilir. Belə olan halda, müəyyən məbləğdə vəsait ödəniləndən sonra uşaq bağçaya götürülür.
Digər problem isə valideynlərdən aylıq 20-30 manat məbləğində xidmət haqqının tələb olunmasıdır. Bu da qanunsuzdur.
Üçüncü nöqsan isə qidalanma ilə bağlıdır. Bu olduqca ciddi nöqsandır. Məlumat üçün bildirim ki, dövlət tərəfindən hər bir uşağın qidalanması üçün menyu müəyyən olunsa da, bəzi bağça müdirləri və ayrı-ayrı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin ərzağın böyük əksəriyyəti mənimsənilir. Beləliklə, həmin qidalar uşaq bağçasına gedib çatmır. Bu problemlə bağlı şikayətlər yetərincədir. Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar. Təəssüf ki, bu problem bütün dövlət uşaq bağçalarında qeydə alınır”.
Həmsöhbətimiz tərbiyəçilərlə də bağlı problemin olduğunu dilə gətirdi: “Təəssüf ki, bağçalarda övladlarımızın tərbiyəsi ilə məşğul olanların böyük əksəriyyətinin ali təhsili yoxdur. Tərbiyəçilərin 40 faizə yaxınının orta təhsili var”.
K.Əsədov təəssüf hissilə vurğuladı ki, dövlət uşaq bağçalarının vəziyyəti ürəkaçan deyil. Özəl uşaq bağçalarında isə vəziyyət olduqca yaxşıdır.
Günel CƏLİLOVA