“Turizmin inkişafı, ölkəmizə gələn və gələcək turistlərə nümunəvi xidmətin göstərilməsindən söhbət gedirsə, o zaman Avropa klasifikasiyası tətbiq olunmalıdır”
Bu günlərdə ölkəmizdə səfərdə olan “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb. Görüş zamanı bir sıra məsələlər, o cümlədən turizm sənayesinin inkişafı müzakirə olunub.
Akos Niklai Avropanın ən böyük turizm sənayesi iştirakçılarını birləşdirən “HOTREC – Hospitality Europe” təşkilatının Azərbaycanda sabit və güclü hotellər assosiasiyasının formalaşdırılması işində Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosuna dəstək verməyə hazır olduğunu deyib.
Məlumat üçün bildirək ki, “HOTREC – Hospitality Europe” Avropanın 30 ölkəsindən 43-dən çox turizm üzrə ixtisaslaşmış assosiasiya, hotel, restoran və bu istiqamətdə ixtisaslaşmış şirkətləri birləşdirərək, turizm sənayesinin inkişafı, innovasiyaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, eyni zamanda yeni “yaşıl” texnologiyalar vasitəsilə ətraf mühitin qorunması, qastronomik turizmdə resursların daha effektiv istifadəsi, eləcə də sağlam və təhlükəsiz qida prinsipi əsasında dayanıqlılığın təmini, turizm sənayesi iştirakçıları arasında rəqabətliliyin artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir.
Azərbaycanda otel və mehmanxanalara Avropa klassifikasiyası tətbiq olunarsa, bunun turizm sektoruna hansı təsiri olacaq?
Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda turizmin inkişafı, turizm standartlarının tətbiqi dedikdə Avropa standartlarının tətbiqi nəzərdə tutulmalıdır: “Turizm sahəsində dövlətin apardığı siyasət Avropa standartlarının tətbiq olunmasına xidmət edir. Bəllidir ki, son 10-15 il ərzində Azərbaycanda brend otel və mehmanxanalar açılıb. Eyni zamanda, ekonom xidmətlərlə fəaliyyət göstərən mehmanxalar da var. Turizmin inkişafı, ölkəmizə gələn və gələcək turistlərə nümunəvi xidmətin göstərilməsindən söhbət gedirsə, o zaman Avropa klassifikasiyası tətbiq olunmalıdır. Bu nəinki otel və mehmanxanalarda, eyni zamanda bələdçi xidmətlərində, turizm şirkətlərində də tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, Avropa klassifikasiyası keyfiyyətə təsir edən amillərdən biridir”.
Günel CƏLİLOVA