DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti və Xaçmaz Dövlət Yol Polisi bölməsi əməkdaşları tərəfindən Xaçmaz rayonunda reyd keçirilib.
Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Saxlanan zaman 51-dən çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.
Yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.
Nizam HƏMİDOV polis leytenantı