Bahadur Bilalov: “Elə məsələlər var ki, mütləq təhlükəsizlik amili nəzərə alınmalıdır”
Xəbər verildiyi kimi, Qazaxıstan Azərbaycana türk ölkələri üçün vahid vizanın tətbiq olunmasını təklif edib. Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstanı turistlər üçün nəzərdə tutulmuş “İpək yolu” vizasının tətbiq olunmasına çağırıb. Məlumat üçün bildirək ki, Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib.
Bu rejim “İpək yolu” turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.
Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın “Müasir İpək yolu” layihəsi çərçivəsində tətbiq edilməsi təklif olunur. Hazırda Türk Şurasına daxil olan ölkələr bu turizm məhsulu ilə bağlı təklifləri nəzərdən keçirirlər.
Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı “İpək yolu” vizasının Şengen vizasının analoqu ola biləcəyini deyib. O, bu viza ilə bağlı təkliflərin sentyabrın 3-də Qırğızıstanda keçiriləcək Türk Şurası dövlət başçılarının sammitində müzakirə olunacağını bildirib.
Qazaxıstanın türk ölkələri üçün vahid vizanın tətbiq olunması təşəbbüsü barədə danışan turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, viza prosedurunun sadələşdirilməsi turizmin inkişafına müsbət təsir göstərəcək.
Həmsöhbətimiz hesab edir ki, Qazaxıstan Azərbaycan və digər türk ölkələri üçün vahid viza rejimi tətbiq edərsə, bunun turizm sektoruna müsbət təsiri olar: “Bəllidir ki, Qazaxıstan türk dövlətləri üçün vahid viza tətbiq etmək niyyətindədir. Maraqlıdır, Azərbaycan tərəfi bunu edə biləcəkmi? Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Təəssüf ki, Qarabağ problemi hələ öz həllini tapmayıb. Türkiyə və İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib. Amma biz onu ləğv edə bilmirik. Elə məsələlər var ki, mütləq təhlükəsizlik amili nəzərə alınmalıdır”.
Günel CƏLİLOVA