Azərbaycanda Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının yaradılması üzərində iş aparılır. Bu barədə Trend-ə Azərbaycan Dövlət Turizm Agentliyindən bildiriblər.
Assosiasiyanın yaradılması ilə Azərbaycan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) üzvü ola bilər. Bu məsələnin müzakirə olunması məqsədilə HOTREC-in vitse-prezidenti Akos Niklay Azərbaycana gəlib. A.Niklayın artıq Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşdüyü məlumat verilib.
Görüş zamanı Azərbaycanda turizmin inkişafı üçün mövcud olan imkanlar, infrastruktur və digər məsələlər müzakirə olunub. İlkin mərhələdə Azərbaycanın HOTREC-də müşahidəçi statusu alması üçün zəruri prosedurlara başlamaq qərara alınıb.
HOTREC vitse-prezidenti Akos Niklay deyib ki, Azərbaycanda hotellərin Avropa təsnifatı tətbiq olunacaq. A.Niklay bildirib ki, Azərbaycan assosiasiyaya üzv olduqdan sonra bu, mümkün olacaq. Azərbaycan hotelləri bu təsnifata könüllü şəkildə qoşula bilər: “Müsbət amil odur ki, Azərbaycan hökuməti turizm sahəsində islahatlara hazırdır. Hesab edirəm ki, növbəti addım ölkənin HOTREC-ə üzvülüyü olacaq. Biz, öz növbəmizdə həm Bakıda, həm də regionlarda hotellərlə, orta və ali tədris müəssisələri ilə tanış olmaq niyyətindəyik. Ümumilikdə ölkənin turizm sahəsində böyük potensialı var və bunu inkişaf etdirmək lazımdır”.