“Son günlər uşaq bağçalarında tərbiyəçilər tərəfindən uşaqlara qarşı amansız davranış və şiddət göstərilməsi, onların psixologiyasının elə körpə vaxtlarındaca şikəst edilməsi faktları durmadan artır. Bu, cəmiyyət üçün əsl həyəcan təbili olmalıdır.”
Bu açıqlama ilə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov çıxış edib. Mediya qurumunun rəhbəri jurnalistlərlə söhbətində diqqətə çatdırıb ki, bir sıra uşaq bağçalarında tərbiyəçilərin uşaqlarla davranışına güclü nəzarət mexanizmi yaradılmalıdır:
“Bu məsələ olduqca aktualdır. Bir sıra tərbiyəçilər tərəfindən azyaşlı uşaqların fiziki və psixoloji hücuma və işgəncəyə məruz qalması artıq adi hal alıb. Bu olduqca təhlükəli nəticələrə aparır. Körpə uşaqların mənən və psixoloji olaraq bu yaşlarda məhv edilməsi yolverilməzdir. Artıq bütün uşaq bağçalarında nəzarət kemaralarının yerləşdirilməsi və valideynlərin öz uşaqlarını gündəlik videogörüntülər vasitəsilə müşahidə etmələri real və aktual məsələdir. Bu, günün reallığıdır. Uşaq bağçalarında şəffaflıqın yaradılması qaçılmazdır”.