Seyid Camal Əzimbəyli: “İldə bir dəfə şəhid ailəsinin qapısını açmayan, onların problemləri ilə maraqlanmayan şəxslərin 10 ildə 10-15 dəfə Həcc ziyarətinə getməsi düzgün deyil”
“Bu il Azərbaycandan Həccə gedən zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bildirilib ki, artıq sənədlərin qəbulu başa çatıb: “Həccə gedənlər avqustun 11-dən 15-nə qədər yola düşəcəklər, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.
Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir”.
Dəfələrlə ziyarətə gedən şəxslərin əlavə olaraq 535 dollar ödəməsi barədə fikir bildirən şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, təkrar Həcc ziyarətinə getmək istəyənlər üçün əlavə ödənişin tələb olunması normaldır: “Elə şəxslər var ki, dəfələrlə Həcc ziyarətində olublar. Bunu normal saymaq olar. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Qarabağ adlı faciəsi var. Şəhid ailələri və qaziləri dövlət tərəfindən himayə olunur. Yaxşı olar ki, hər il Həcc ziyarətində iştirak edən şəxslər sosial yardımlaşmada iştirak etsinlər. İldə bir dəfə şəhid ailəsinin qapısını açmayan, onların problemləri ilə maraqlanmayan şəxslərin 10 ildə 10-15 dəfə Həcc ziyarətinə getməsi düzgün deyil. Zənnimcə, onların ziyarəti qəbulolunmazdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, son 4 il ərzində təkrar Həcc ziyarətinə getmək istəyən zəvvarların əlavə 535 dollar ödəməsi müəyyən olunmuş həddin istismar olunmaması ilə bağlıdır: “İnsanların dini duyğularının istismar olunmaması baxımından əlavə ödənişin tələb olunması düzgün qərardır”.
Günel CƏLİLOVA